Rusiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də İTAR-TASS agentliyində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko bu görüşün Prezident İlham Əliyevin müxtəlif məsələlərə dair fikirlərini bilavasitə özündən eşitmək üçün yaxşı imkan olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın beynəlxalq energetika layihələrində iştirakı, dünyadakı iqtisadi və maliyyə böhranı şəraitində ölkəmizin iqtisadi inkişafı, regional məsələlər, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və digər məsələlər barədə suallara ətraflı cavab verib.
Maraqlı keçən söhbətdə Ümumrusiya Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru Oleq Dobrodeyev, Rusiyanın Birinci kanalının baş direktoru Konstantin Ernst, “RİA Novosti” agentliyinin baş redaktoru Svetlana Mironyuk, “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov, Rusiyanın aparıcı qəzet və jurnallarının rəhbərləri iştirak edib.
Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da görüşdə iştirak edib./AzərTAc/