Prezident İlham Əliyev bu gün Norveçin dövlət katibi, neft və energetika nazirinin müavini Robin Martin Kaasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının ilk illərdən başlayaraq təkcə Azərbaycan üçün deyil, dünyanın enerji sahəsində inkişafı baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan İlham Əliyev ötən 16 il ərzində keçirilən bütün konfransların önəmli olduğunu bildirib. Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransının Azərbaycanın neft siyasətinin müxtəlif mərhələlərinin uğurla həyata keçirilməsini əks etdirdiyini deyən dövlət başçısı ötən dövrdə qarşıda duran bütün planların müvəffəqiyyətlə icra olunduğunu bildirib.
Öz növbəsində Robin Martin Kaas XVI Beynəlxalq Xəzər neft-qaz sərgi və konfransında Norveçin siyasi səviyyədə iştirak etməsinin ölkəsi üçün çox mühüm olduğunu bildirib. O qeyd edib ki, bu beynəlxalq tədbirdə müxtəlif ölkələrin fəal iştirak etməsi Azərbaycanın neft və qaz sənayesində təkcə regionda deyil, habelə beynəlxalq aləmdə mühüm rol oynadığının göstəricisidir. Robin Martin Kaas Xəzərdə neft-qaz hasilatının uğurlu nəticələri münasibətilə İlham Əliyevi təbrik edib.
Görüşdə Azərbaycan ilə Norveç arasında enerji sahəsində əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. /ANS PRESS/