Prezident İlham Əliyev bu gün İran İslam Respublikasına rəsmi səfərə yola düşüb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanından Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Azərbaycanın və İranın dövlət bayraqları ilə bəzədilmiş Tehranın “Mehrabad” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi İranın xarici işlər naziri Mənuçöhr Mottaki və digər rəsmi şəxslər qarşılayıblar.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Mahmud Əhmədinejadın təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Azərbaycan Prezidentinin İrana rəsmi səfərinin əhəmiyyətinə toxunan dövlət başçıları bu səfərin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə xidmət etdiyini bildiriblər. Görüşdə Azərbaycan-İran münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub. /ANS PRESS/