İyunun 9-dan 12-dək İsveçin paytaxtı Stokholm şəhərində bu ölkənin və dünyanın ilk Ombudsman Təsisatının 200 illik yubileyi münasibətilə Beynəlxalq Ombudsmanlar İnstitutunun IX Dünya konfransı keçiriləcək. Beynəlxalq tədbirdə Azərbaycanı insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova təmsil edəcək.
Konfransda Beynəlxalq Ombudsmanlar İnstitutunun prezidenti Vilyam Anqrikin “Ombudsmanın fəaliyyətinə təsir edən qlobal cari məsələlər”, BMT-nin sabiq baş katibi Kofi Annanın “Suverenliyin konsepsiyası: dövlətin və fərdlərin hüquqları”, BMT-nin insan hüquqları üzrə ali komissarı Navanetem Pilayın “İnsan hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər” mövzularında çıxışları nəzrədə tutulub.
Bundan başqa, konfransda insan hüquq və azadlıqlarının təmin olunması və müdafiəsi, bu sahədə ombudsmanların fəaliyyəti və digər mövzularda müzakirələr keçiriləcək, təcrübə və məlumat mübadiləsi aparılacaq. E.Süleymanovanın illik məruzələri, təcavüzkar Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları və soyqırımı ilə bağlı bəyanatları, Heydər Əliyev Fondunun Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ müharibəsinin dəhşətlərindən bəhs edən ingilis dilində nəşrləri, ölkəmizdə həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının nüsxələri iştirakçılara təqdim olunacaq./AzərTAc/