Elmar Məmmədyarov İrlandiya səfirini qəbul edib
01 Dekabr 2011 Cümə Axşamı 19:30
Elmar Məmmədyarov İrlandiya səfirini qəbul edib. Tomas Rassel ATƏT-dəki sədrliyi müddətində öz ölkəsinin fəaliyyətini konstruktiv şəkildə həyata keçirəcəyinə əminliyini bildirib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankarada yerləşən İrlandiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tomas Rasseli qəbul edib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qonağı salamlayan Nazir E.Məmmədyarov 2012-ci ildə ATƏT-dəki sədrliyinin başlanması münasibəti ilə İrlandiyanı Azərbaycanın adından təbrik edib.
Səfir ölkəmizi BMT Təhlükəsizlik Şurasının 2012 - 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib, Azərbaycanda qısa zaman ərzində dinamik inkişafın müşahidə edildiyini bildirib. İrlandiyalı rəsmi ATƏT-dəki sədrliyi müddətində öz ölkəsinin fəaliyyətini konstruktiv şəkildə həyata keçirəcəyinə əminliyini bildirib.
Nazir E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq təşkilatların rolunun əhəmiyyətinin yüksək olduğunu qeyd edib, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən müxtəlif məsələlər müzakirə edilib.
DOSTLARINLA PAYLAŞ: