Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayzanı onun xahişi ilə qəbul edib. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən ANS PRESS-ə daxil olan mıəlumata görə, görüşdə nazir Eldar Mahmudov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə toxunub. O, Azərbaycanın üzləşdiyi işğal faktorunun nəzarətsiz ərazilər problemi baxımından yalnız ölkənin deyil, eyni zamanda bütün regionun təhlükəsizliyinə ciddi təhdid olduğunu və münaqişənin tezliklə həll olunmasının vacibliyini vurğulayıb. Milli təhlükəsizlik naziri, həmçinin regionda gedən proseslər, reallıqlar və mümkün təhdidlər barədə söhbət açıb, beynəlxalq terrorçuluq və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təhlükəli təzahürlərinə qarşı aparılan mübarizə tədbirləri və onların konkret nəticələri barədə qonağa məlumat verib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb. /ANS PRESS/