Eks-prezidentlərin statusu ilə bağlı qanun layihəsi
03 Aprel 2009 Cümə 11:45
Millət vəkili Səyavuş Novruzov haqqında cinayət işi açılan, yaxud bu və ya başqa şəkildə vəzifəsindən kənarlaşdırılan şəxslərə bu statusunun verilməsinin mümkün olmadığını bildirib

«Azərbaycanda eks-prezidentlərin statusu ilə bağlı hazırlanacaq qanun layihəsinə hakim Yeni Azərbaycan Partiyasının öz təklifləri olacaq». Bunu «Trend» agentliyinə partiyanın icraçı katibinin müavini, millət vəkili Səyavuş Novruzov deyib. «Dünya təcrübəsinə görə, eks-prezidentlik statusu prezidentlik müddəti tam başa çatan insanlara və onların ailələrinə şamil olunur. Səhhəti ilə əlaqədar, yaxud başqa obyektiv səbəbdən istefa verən, bu vəzifədə dünyasını dəyişən prezidentlərə də status verilə bilər».
Qeyd edək ki, bir qədər əvvəl ölkə konstitusiyasına referendum vasitəsilə edilən əlavə və dəyişikliklərdə eks-prezidentlərə status verilməsi də nəzərdə tutulub. Bu məqsədlə yeni qanun layihəsi hazırlanıb Milli Məclisdə qəbul olunmalıdır.
Səyavuş Novruzovun sözlərinə görə, haqqında cinayət işi açılan, yaxud bu və ya başqa şəkildə vəzifəsindən kənarlaşdırılan şəxslərə eks-prezident statusunun verilməsi mümkün deyil. «Bu, mənim şəxsi mövqeyimdir və layihə müzakirəyə çıxarılanda arqumentlərimin nəzərə alınması üçün israrlı olacağam». Hakim partiyanın təmsilçisi belə deyib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar