Əgər Bakıda mer seçilsə...
11 Sentyabr 2009 Cümə 16:00
Ümid Partiyası seçkidə yüksək səviyyədə iştirak edəcək
Bu il Azərbaycan Bakı meri seçkisi keçirsə, o zaman beynəlxalq aləm qarşısında üzərinə götürdüyü vacib öhdəliklərdən birini icra etmiş olacaq. Bunu Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. «Biz Avropa Şurasının bu məsələdə tutduğu mövqeyini tam haqlı sayır və bu istiqamətdə istər yerli, istərsə də beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq etməyə hazır olduğumuzu bir daha bildiririk», - deyə Ümid sədri qeyd edib.
İqbal Ağazadənin sözlərinə görə, paytaxtın meri vəzifəsinə təyinatla deyil, seçki yoluyla seçilmək məsələsini onlar xeyli əvvəl hökumət qarşısında qaldırıblar: «Bu ilin əvvələrində hazırladığımız təkliflər paketində konkret olaraq Azərbaycan hakimiyyəti qarşısında məsələ qaldıraraq bildirmişik ki, Bakı meri postunda oturacaq şəxs təyinatla yox, seçkilər yolu ilə müəyyən edilməlidir».
Partiya sədrinin sözlərinə görə, bu il keçiriləcək bələdiyyə seçkisində Bakı meri seçkisi də keçirilsə, o zaman Ümid Partiyası bu seçkidə ən yüksək səviyyədə iştirak edəcək.
Qeyd edək ki, Bakıya səfər edən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi sədrinin səlahiyyətlərinin icraçısı Yan Mikallef bildirmişdi ki, Cənubi Qafqazın digər ölkələri kimi Azərbaycanın da öz paytaxtının merini seçmək vaxtıdır. Y.Mikallef deyib ki, son illər ərzində Konqresin Azərbaycan hakimiyyətinə Bakı meri vəzifəsinin təyinatla deyil, seçki yolu ilə tutulması haqqındakı çağırışlarını yenidən təkrarlamalı olur:
“Bu, ölkədə yerli demokratiyanın güclənməsinə xidmət edəcək. Bu ilin may ayında Ermənistanda ilk dəfə olaraq İrəvan şəhərinin meri vəzifəsinə keçirilən seçkilər, Gürcüstan Prezidentinin artıq səsvermə yolu ilə seçilən Tiflisin meri vəzifəsinə birbaşa seçkilərin keçirilməsi ilə bağlı təşəbbüsü Cənubi Qafqazda demokratik impuls yaradıb. Azərbaycan da dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri zamanı bu müsbət nümunələri örnək götürməlidir,” deyə o, qeyd edib.
Onun sözlərinə görə, Bakı merinin seçilməsi həmçinin 2002-ci ildə Azərbaycan tərəfindən ratifikasiya olunan Avropa Yerli Özünüidarəetmə Xartiyasının ruhuna da uyğun olacaq.
DOSTLARINLA PAYLAŞ: