Dağlıq Qarabağ danışıqları sonun mərhələsindədir
04 Oktyabr 2009 Bazar 05:05
“Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər”
“Dağlıq Qarabağ münaqiəsinin həlli ilə bağlı danışıqlar artıq sonuncu mərhələsindədir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündəki ıxışında deyib. Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı danışıqlar uzun illərdir aparılsa da, tərəflər heç bir nəticəyə gəlməyib: “Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir”.
Azərbaycan prezidenti xatırladıb ki, Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır: “Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur. O qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Digər beynəlxalq təşkilatlar buna bənzər qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq normalara məhəl qoymur. Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi bundan ibarətdir və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq prinsiplərə əsaslanır. Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər və bundan kənarda heç bir başqa variant müzakirə oluna bilməz”.
İlham Əliyev bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəinki Azərbaycan üçün, bütün region üçün böyük problemdir, regional əməkdaşlığı əngəlləyən ən başlıca amildir: “Regionun çox böyük imkanları vardır. Regional əməkdaşlıq daha da hərtərəfli aparıla bilər. Bütün yollar, bütün kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər. Ancaq o da həqiqətdir ki, torpaqlarımız işğal altında qaldığı bir dövrdə Ermənistan ilə Azərbaycan arasında heç bir əməkdaşlıq mümkün deyil. Azərbaycan gələcəkdə də öz coğrafi, iqtisadi, siyasi və başqa imkanlarından istifadə edərək Qarabağ məsələsinin, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışacaq”.
Azərbaycan prezidenti deyib ki, ərazi bütövlüyünün pozulmasına baxmayaraq, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı, həmçinin regional əməkdaşlığın dərinləşməsinə yönəldilib: “Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal nəticəsində və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağından didərgin salınıb. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb”. İlham Əliyevi fikrincə. bu artım ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin həllinə kömək göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar