Londonda ABŞ prezidenti Barak Obama ilə Rusiyanın dövlət başçısı Dmitri Medvedev arasında görüş keçirilir. Görüş ABŞ-ın Britaniyadakı səfirliyində keçirilir. İki dövlətin rəhbərlərinin görüşü "Böyük 20"liyin sammiti ərəfəsində baş tutur.
"RİA Novosti"nin məlumatına görə, Rusiya tərəfdən görüşdə baş nazirin birinci müavini İqor Şuvalov, maliyyə naziri Aleksey Kudrin, xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçiləri Arkadi Dvorkoviç və Sergey Prixodko, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak və başqaları iştirak edirlər. Amerika prezidentini isə Dövlət katibi Hillari Klinton, maliyyə naziri Timati Qayter, prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Cons və Ağ ev administrasiyanın digər nümayəndələri müşayiət edir. Görüş jurnalistlərin iştirakı olmadan başlayıb.
Görüşdən əvvəl Rusiya prezidentinin köməkçisi Sergey Prixodko jurnalistlərə bildirmişdi ki, prezidentlər Əfqanıstandakı vəziyyəti, raketdən müdafiə sistemlərini, maliyyə böhranını və təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırıblar.
Amerika prezidenti isə bu gün nüvə silahından birgə müdafiə sisteminin yaradılması məsələsini Rusiyanın dövlət başçısı ilə apardığı ikitərəfli görüşdə müzakirə ediləcəyini qeyd etmişdi. O, bir daha ABŞ ilə Rusiya arasında fikir ayrılığının qalmaqda olduğunu təsdiqləyib. «Mən onların bitdiyini deməyəcəm. Ancaq bizim birlikdə işləyə biləcəyimiz qarşılıqlı maraqlar sahəsi var». /ANS PRESS/