Azərbaycanı dərin hörmət hissi ilə tərk edirəm
10 İyun 2009 Çərşənbə 17:45
“Azərbaycanı onun xalqına, tarixinə və mədəniyyətinə və həmçinin nail olduğu inkişafa olan dərin hörmət hissi ilə tərk edirəm”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə təşkil etdiyi vidalaşma mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi verib. Səfir Azərbaycanı konkret olaraq nə zaman tərk edəcəyini bilmədiyini söyləyib: “Senatın təyinatımı təsdiq etməsini gözləməli olacağam. Bu proseduraların dəqiq vaxtını demək çətindir, elə bu səbəbdən Azərbaycanı nə zaman tərk edəcəyimi tam dəqiqliklə deyə bilmirəm. Düşünürəm ki, mənim gedişim iyul ayına təsadüf edəcək. Azərbaycanın tərk etdiyim vaxtda mən həmçinin digər bir hiss də keçirirəm. Bu isə Azərbaycanın müstəqil və demokratik gələcəyin qurulması yolunda üzləşdiyi çağırışların öhdəsindən gəlməsinə olan yüksək qiymət hissidir. Birləşmiş Ştatlar illər boyu Azərbaycanın tərəfdaşı olacaq. Mən isə ömrümün sonuna qədər Azərbaycan xalqının dostu olacağam. Bu gözəl ölkə məni çox təsirləndirdi. Əmin ola bilərsiniz ki, gələcəkdə getdiyim hər bir yerdə Azərbaycan barədə danışacağam və hər zaman Azərbaycanın uğurlarına sevinəcəyəm”. Ann Dersi gələcəkdə Azərbaycana turist kimi gələcəyini bildirib.
DOSTLARINLA PAYLAŞ: