Azərbaycan səfiri Avstriya prezidenti ilə görüşüb
14 Yanvar 2012 Şənbə 01:47
Haynts Fişer Azərbaycanla Avstriya arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib.
Avstriya Respublikası Prezidenti Administrasiyasının yerləşdiyi “Hofburq” sarayında bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün Yeni il qəbulu təşkil edilib. Dünyanın 130-dək artıq ölkəsinin səfirlərinin dəvət olunduğu ənənəvi Yeni il qəbulunda Avstriyanın Federal Prezidenti Haynts Fişer çıxış edib. H.Fişer diplomatik korpusa müraciətində 2011-ci ildə ölkəsi üçün mühüm əhəmiyyət kəsb etmiş hadisələrə toxunub, Avropadakı mövcud maliyyə böhranından çıxmaq üçün ölkəsi tərəfindən göstərilən səylərdən bəhs edib, eləcə də beynəlxalq aləmdə baş verən hadisələr barədə ölkəsinin mövqeyini diqqətə çatdırıb. H.Fişer çıxışının yekununda 2012-ci ildə Avstriyanın xarici siyasətinin əsas istiqamətlərindən də bəhs edib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovun Prezident Haynts Fişer və Avstriyanın federal kanslerinin müavini, xarici işlər naziri Mixael Şpindeleqqer ilə qısa söhbəti olub. Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan Prezident Haynts Fişer ötən ilin oktyabrında Azərbaycana rəsmi səfərini və keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlayıb, ona göstərilmiş qonaqpərvərliyə görə təşəkkür edib. Səfir Q.İsrafilov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Yeni il təbriklərini H.Fişerə çatdırıb.

2010-cu ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə Bakıya səfərini məmnunluqla xatırlayan xarici işlər naziri Mixael Şpindeleqqer ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb. Söhbət zamanı Azərbaycanla Avstriya arasında ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı maraq doğuran movzular ətrafında fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar