Ankara görəsən hara tələsir?
01 Sentyabr 2009 Çərşənbə Axşamı 21:40
Aydın Mirzəzadə: "Görünür Türkiyə Qarabağ nizamlanmasında irəliləyişi görərək Ermənistanla bağlı məsələni həll etmək qərarına gəlib"
Türkiyənin Ermənistanla ikitərəfli əlaqələrin yaxşılaşdırılması istiqamətində açıqladığı növbəti plan Türkiyə, Ermənistan və Azərbaycanda yenidən qızğın diskusiyalara yol açıb. Türkiyənin siyasi partiyalarını hazırda daha çox yeni prosesin Azərbaycanla dostluq əlaqələrinə təsir edib-etməyəcəyi maraqlandırır. Müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının təmsilçisi, millət vəkili Abbas Bozyelin sözlərinə görə, rəsmi Ankara Ermənistanla yaxşı münasibətlər qurarkən ilk növbədə heç bir şübhəyə yer qoymayaraq Azərbaycanın maraqlarını üstün tutmalıdır.

«Azərbaycanın məsələsi Türkiyənin problemidir. Türkiyənin problemi Azərbaycanın problemidir. Biz Milliyətçi Hərəkat Partiyası olaraq bu məsəlini belə görürük. Sərhədlərin bağlanmasının əsas səbəbi Qarabağdakı haqsız işğaldır. Yurdlarından çıxarılan 1 milyona yaxın qaçqının düşdüyü ağır vəziyyət Türkiyə ilə azərbaycan arsındakı əlaqələrdə çox ciddi bir faktdır»,- deyə o vurğulayıb.

Ermənistanda da baş verənlərdən narazılığını gizlətməyən siyasi qüvvələr var. «Daşnaksutyun» partiyası hesab edir ki, Türkiyə ilə imzalanan sənədlər diplomatik münasibətlərin real bərpasının təminatı deyil və son təşəbbüs Ermənistanı oyunda saxlamağa xidmət edir.

Bu məsələ Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycanlı deputatların fikrincə, məsləhətləşmələrin yenidən başlanılması Dağlıq Qarabağ probleminin həlli prosesi ilə paralel getməlidir. Əks halda Türkiyə siyasətçilərinin bu addımı növbəti dəfə Azərbaycan ictimaiyyətini məyus edə bilər.

Deputat Aydın Mirzəzadə ANS-ə açıqlamasında bunları deyib: «Verilən məlumatdan belə başa düşülür ki, sənəd qüvvəyə mindikdən 2-3 həftə sonra diplomatik əlaqələrin inkişafından danışmaq olar. Amma bu sənədin hazırlanması və təsdiqlənməsi müəyyən bir vaxt aparacaq. Görünür Türkiyə tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişi görərək bu məsələni də həll etmək qərarına gəlib. Əgər sərhədlərin açılması ilə Azərbaycan ərazilərindən qoşunların çıxarılması eyni vaxtda gedəcəksə, bu məsələdə Ermənistanın mövqeyi və öhdəliyi olacaqsa, Azərbaycan bunu alqışlaya bilər» .


DOSTLARINLA PAYLAŞ:

oyunlar