Yoxsulların gəliri 40 faiz artacaq
19 Aprel 2013 Cümə 16:56
Azərbaycan Dünya Bankı Parlament Şəbəkəsinin illik görüşünə ev sahibliyi edəcək.

Azərbaycan mayın 23-24-də Dünya Bankı Parlament Şəbəkəsinin illik görüşünə ev sahibliyi edəcək. Dünya Bankının 200 nəfərdən ibarət nümayəndə heyəti təşkilatın gələcək perspektivlərini müzakirə etmək üçün Bakıya gələcək. Bununla bağlı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun “Yaz görüşləri” toplantısından ANS-in Vaşinqton bürosunun rəhbəri Sevinc Osmanqızı reportaj hazırlayıb.

Azərbaycana gələcək 200 nəfərlik nümayəndə heyətinin 150-ni dünyanın müxtəlif ölkələrindən olan millət vəkilləri, 50-ni isə Dünya Bankının katibliyi və rəhbərliyinin nümayəndələri təşkil edəcək. Bu barədə Vaşinqtonda Dünya Bankının “Yaz görüşləri” toplantısında iştirak edən azərbaycanlı millət vəkili Ceyhun Osmanlı məlumat verib: “Bizim məqsədlərimizdən biri ondan ibarətdir ki, Azərbaycan nümayəndələri Dünya Bankı Parlament Şəbəkəsinin İdarə Heyətində təmsil olunsun və biz buna nail olmaq üçün hal-hazırda fəal işlər aparırıq”.

Dünyanin hər yerindən olan maliyyə nazirləri, mərkəzi bank və özəl sektor nümayəndələrinin iştirak etdiyi “Yaz görüşləri” toplantısı Vaşinqtonda öz işinə başlayıb. Nüfuzlu yaz görüşləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun yeni konsepsiyasının müzakirəsinə həsr olunub. Onun məqsədi 2030-cu ilədək bütün ölkələrdə yoxsulluğu aşağı salmaq, ən yoxsul təbəqənin gəlirini 40 faiz artırmaqdır. Millət vəkili Azərbaycanın 20 illik müstəqillik dövründə kasıb ölkə statusundan başlayaraq, orta gəlirli, indi isə yuxarı orta gəlirli ölkəyə çevrilməsini vurğulayır. Onun sözlərinə görə, bu Azərbaycanın Dünya Bankı ailəsində münasibətlərini xeyli təsirləndirir.

Millət vəkili Ceyhun Osmanlı: “Əgər Azərbaycan illər öncə kasıb ölkə kateqoryasında beynəlxalq donorlar vasitəsilə Beynəlxalq İnkişaf Agentliyindən dəstək alırdısa, artıq Azərbaycanın özünün donor ölkəsinə çevrilmək niyyəti var. Belə ki, Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinə olan borcunu bu il ödəyib bitirməyi qarşıya məqsəd qoymuşdur”.

Hələ 7 gün davam edəcək yaz görüşləri ölkələrdəki yeni reallıqları nəzərə alaraq, dəyişikliklərə uyğunlaşmağı qarşısına məqsəd qoyub. Təşkilatçıların fikrincə, sosial ədalətsizliyin böyük olduğu, lakin inkişaf edən ölkələrin problemləri sadəcə yoxsul olan ölkələrinkindən fərqlidir. Belə hallarda Dünya Bankı birgə maliyyələşmə nəzərdə tutan təşəbbüslərə, uzun müddətli təlimlərə və digər dəstək proqramlarına üstünlük verir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar