Yol polisi maşın oğrusudur
05 Aprel 2013 Cümə 15:10
Bakıda avtomobil dayanacaqları probleminin həll olunmasına hələ çox var.
“Avtomobillərdən pərdələrin sökülməsi düzgün deyil”. “Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib. Millət vəkili deyib ki, yol polisləri avtomobillərdə plyonkalarla bərabər pərdələrin də sökülməsini tələb edirlər: “Əgər maşın istehsal edın zavod bu örtüyü vurursa, bunları sökmək doğru deyil. Çünki bu pərdələrdən kimsə gizlənmək üçün istifadə etmir. Bakıda ötən il 44 dərəcə isti oldu və bu pərdələr günəşdən qorunmaq üçündür. Bu insanlar gizlənmək istəsə başqa üsullardan istifadə edər. Mən düşünürəm ki, yalnız standartlardan kənar pərdələr çəkildiyi halda cəzalar tədbiq olunmalıdır”.

Millət vəkili Sabir Rüstəmxanlı da Q. Həsənquliyevin qaldırdığı məsələyə dəstək verib. Daha sonra o şəhərdəki tıxaclara və yolların kənarında maşınların saxlanmasına münasibət bildirib: “Maşınlar hər hansı bir dükanın və ya yolun qarşısında saxlanılmamalıdır, dayanacaqlar tikilməlidir. Yol polisləri küçədə saxlanılan maşınları evakuatorla aparır. Mən onları "maşın oğrusu" adlandırıram. Bu hallar yolverilməzdi.Yol polisləri buna nəzarət etməlidir, kasıb-kusubun maşınını oğurlayıb bilmədikləri yerə aparırlar. Qanun qəbul olunmalıdır ki, küçələrdə maşınlar saxlanılmasın”.

Oktay Əsədov da bildirib ki, doğrudan da şəhərdə dayanacaq problemi var: “Hazırda dayanacaqlar tikilir. Bu tikintilər bitsin, sonra biz qanun qəbul edə bilərik”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar