Hazırda ölkə ərazisində 10 üçulduzlu otel fəaliyyət göstərir.
Deyəsən, yaxın illərdə ucuz qiymətə öz ölkəmizdə də istirahət etmək imkanımız olacaq. Çünki sayı 10-u keçməyən üçulduzlu otellərin tikintisinə start verilib. Yəqin ki, bundan sonra xarici ölkələrin otellərinə üz tutanların sayı azalar. Amma maraqlı bir məsələ də var. Mütəxəssislər yerli və xarici otellər arasındakı fərqi nədə görür?
Hazırda ölkə ərazisində 10 üçulduzlu otel fəaliyyət göstərir. Bu sayın artırılması üçün isə Mədəniyyət və Turizm Nazirliyi bir müddət öncə iş adamlarına 3 ulduzlu otelləri tikməyi tövsiyyə etmişdi.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib ki, üçulduzlu otellərin tikilməsi istiqamətində artıq işlər başlanıb: “Tezliklə onlardan bir neçəsinin təməl qoyma mərasimi keçiriləcək”. Otellərdə göstərilən xidmətin səviyyəsinin artırılmasına gəldikdə, nazir otel rəhbərlərinə konkret tapşırıqlar verildiyini söyləyib: “Turizm İnstitutunun balansında iki peşə məktəbi yaratmışıq ki, orada otel xidmətləri tədris olunur”.
Qeyd edək ki, hazırda ölkə ərazisində 506 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.