Azərbaycan vətəndaşlarının xarici pasportları yeni nəsil pasportlarla əvəzlənəcək.
Azərbaycan vətəndaşlarının xarici pasportları yeni nəsil pasportlarla əvəzlənəcək. Bu pasportlar səhifələrinin daha çox olması ilə yanaşı, pasportlarda qeyd olunacaq informasiyanın zənginliyi və elektronluğu ilə seçiləcək.
Prezident İlham Əliyevin “Ümumvətəndaş xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələrinin təsdiqi haqqında” imzaladığı fərmana əsasən, yeni xarici pasportlar 34 deyil, 50 səhifədən ibarət olacaq.
Daxili İşlər Nazirliyinin Sənədlərin qəbulu şöbəsinin rəisi Nərgiz Məhərrəmovanın sözlərinə görə, ən əsası da odur ki, bu pasportlar elektron daşıyıcılar, yəni çip olacaq: “Bu pasportlar biometri pasport olacaq. Vətəndaşın üz görünüşü, elektron imzası və barmaq izləri də çipdə öz əksini tapacaq”.
Pasportun tipindən asılı olaraq, onun üz qabığının birinci və dördüncü səhifələri ümumvətəndaş pasportunda - tünd yaşıl, xidməti pasportda - tünd göy,diplomatik pasportda isə tünd qırmızı rəngdə olacaq. Yeniliklər sırasına azyaşlılara verilən xarici pasportlar da daxildir.
N. Məhərrəmova deyir ki, bir yaşına qədər olan uşaqlara bir illik, 1-3 yaşlı uşaqlar üçün 3 illik, 3-18 yaşlı uşaqlar üçün isə 5 illik pasport, 18 yaşından yuxarı isə 10 illik pasport verilicək.
Pasport nümunələri İsveçrə şirkəti tərəfindən hazırlanacaq. Pasportların dövlət rüsumları isə hələ ki, dəyişməyib. Dövlət rüsumu 30 günə 40, 5 günə isə 120 manatdır.
Yeni nəsil pasportların verilmə mexanizmi Nazirlər Kabinetinin müvafiq qurumlarla birlikdə 3 ay ərzində hazırlayacağı layihə əsasında aparılacaq. Köhnə pasport sahibləri vəsiqələrini etibarlılıq müddəti bitəndən sonra əvəzləyəcəklər. Dəyişikliklər 2013-cü il iyunun 1-dən qüvvəyə minir.