Vergi Məcəlləsinə dəyişikliklər olunacaq
18 Dekabr 2012 Çərşənbə Axşamı 16:08
Dəyişikliklərdə iqtisadiyyatda vergi yükünün azaldılması və s. məsələlər əksini tapıb.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Bu barədə qanun layihəsi Milli Məclisin iqtisadi siyasət komitəsinin dekabrın 18-də keçirilmiş iclasında müzakirə olunub.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə demişdir ki, məcəllə qəbul olunarkən mükəmməl sənəd olsa da, sonradan ölkə iqtisadiyyatında gedən inkişaf prosesləri bu sahədə qanunvericiliyə müəyyən dəyişikliklər edilməsi zərurətini yaradıb.

İndiyədək edilən dəyişikliklər də vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, vergi mədəniyyətinin və inzibatçılığının möhkəmləndirilməsinə yaxşı imkan yaratmışdır. Təklif olunan yeni dəyişikliklər vergi Məcəlləsinin təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, iqtisadiyyatın daha da inkişafına zəmin yaradacaq.

Komitə sədri bildirib ki, ki, ümumilikdə Vergi Məcəlləsinin 129 maddəsinə dəyişikliklər ediləcək.

Sonra vergilər nazirinin birinci müavini Natiq Əmirov məcəlləyə təklif olunan dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirilib ki, bu dəyişikliklərdə iqtisadiyyatda vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sisteminin, vergi inzibatçılığının və nəzarətinin möhkəmləndirilməsi və s. məsələlər əksini tapıb.

Dəyişikliklərdə ali təhsil haqqının əlavə dəyər vergisindən azad edilməsi, fiziki şəxslərin 14 faizlik vergi tutulan aylıq gəlirinin 2000 manatdan 2500 manatadək artırılması, aylıq gəlirin 2500 manatdan yuxarı olan hissəsindən tutulan gəlir vergisinin isə 30 faizdən 25 faizədək azaldılması nəzərdə tutulub.

Sonra Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov yol vergisinin artırılması ilə bağlı layihəyə təklif olunan dəyişikliklər barədə məlumat verib.

Çıxışlarda məcəlləyə təklif olunan dəyişikliklər ölkə iqtisadiyyatında əldə olunan nailiyyətlər kimi dəyərləndirib. İclasda “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərə də baxılıb.
Sonda iki qanun layihəsi təsdiqlənmək üçün parlamentin plenar iclasına tövsiyə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar