Sumqayıtda Nəsimi parkına giriş pullu oldu
21 May 2014 Çərşənbə 15:40
Dənizkənarı bulvarı olan Nəsimi parkına giriş artıq pulludur.
Sumqayıt şəhərinin dənizkənarı bulvarı olan Nəsimi parkına giriş artıq pulludur. ANS PRESS xəbər verir ki, bu barədə "168 saat" internet qəzetinə oxuculardan biri məlumat verib.
"Parkın bir hissəsinə giriş ödənişli edilib. Sumqayıtlıların "Sevgililər Körpüsü" kimi tanıdığı körpüdən dənizə doğru düşərkən sola ayrılan yolda şlaqbaun qoyulub. Söhbət Rəsm Qalereyasına tərəf gedən avtomobil yolundan gedir" - oxucunun məktubunda qeyd olunub.
Məlumatı dəqiqləşdirmək üçün saytın əməkdaşı əraziyə yollanıb. Şlaqbaun "işlədən" şəxs deyib ki, əraziyə giriş, həqiqətən də, pulludur - giriş üçün 1 manat ödəmək lazımdır.
İşçi bildirdi ki, o, bu pulun hara, hansı qurum üçün və nə məqsədlə yığıldığını bilmir:
"Bunun üçün Mirseyid müəllimlə əlaqə saxlayın. Parklara o baxır"
Mirseyid müəllimlə əlaqə saxladıq. O isə bildirdi ki, münasib yerdə olmadığı üçün danışa bilmir, bizimlə 20-25 dəqiqəyə əlaqə saxlayacaq.
Baxmayaraq ki, Mirseyid müəllim bizimlə dediyi vaxtdan sonra da əlaqə saxlamadı, ancaq məsələyə şəhər icra hakimiyyəti səviyyəsində aydınlıq gəldi.
İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyev bildirdi ki, bu ərazidə dayanacaq yaradılıb:
"Orada rəsmi olaraq dayanacaq yaradılıb. Kiminsə qanunsuz ödəniş tələb etməsindən söhbət gedə bilməz. Bu, dənizkənarı parkın abadlaşdırılması layihəsində əvvəlcədən nəzərdə tutulmuş avtodayanacaqdır. Axı parkda başdan-ayağa maşınla gəzmək olmaz. Gələcəkdə, dənizkənarı ərazi abadlaşdırıldıqdan sonra daha bir dayanacağın qurulması nəzərdə tutulur. Bu, həm də əhalinin parkda rahat istirahəti və avtoxuliqanlığın qarşısını almaq üçün nəzərdə tutulur. Yığılan vəsait isə abadlaşdırılmış əraziyə xidmət və işçilərin əməkhaqqına yönəldiləcək".
DOSTLARINLA PAYLAŞ: