Sonuncu şahid öldü
26 İyul 2013 Cümə 11:19
Quba soyqırımının sonuncu şahidi, 113 yaşlı Saat Əhmədova qəfildən vəfat edib.
Quba rayonunun Digəh kəndinin ən qocaman sakini, 1900-cu il təvəllüdlü Saat Əhmədova dünən axşam saat 22:00 radələrində dünyasını dəyişib.
ANS PRESS-in Şimal bölgə müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumatı mərhumənin oğlu Murtuz Əhmədov verib.
M.Əhmədovun sözlərinə görə, 113 yaşlı Saat nənənin sağlamlığında heç bir problemi yox idi: “Heç kimin köməyi olmadan yeyir, içir və gəzirdi. Axşam saat 22:00 radələrində hava almaq üçün eyvana çıxıb, ancaq qəfildən sağ tərəfini tutaraq yerə yıxılıb və rəhmətə gedib”.
Artıq Quba Rayon İcra Hakimiyyətindən mərhumənin dəfn olunması və yas mərasiminin keçirilməsi üçün dəstək verəcəklərini bildiriblər.
Qeyd edək ki, Saat Əhmədova 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilən soyqırımını gözləri ilə görmüş sonuncu şahiddir. ANS TV bu ilin mart ayının 31-də onunla sonuncu dəfə görüşərək, Quba soyqırımı ilə bağlı müsahibə götürüb.
DOSTLARINLA PAYLAŞ: