Şəxsiyyət vəsiqələrində dəyişiklik edilə bilər
30 Yanvar 2013 Çərşənbə 17:51
Söhbət donorluqla bağlı məlumatların pasportlarda yerləşdirilməsindən gedir.
Dünya təcrübəsi əsasında Azərbaycanda da transplantasiya sahəsi üzrə bəzi məsələlərin tətbiqi və həmin təcrübələrin Azərbaycana gətirilməsi vacib hesab edilir. Qeyd edək ki, Azərbaycanın "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanununa görə, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və ya toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və ya toxumalarının götürülməsinə yol verilir. Bir çox ölkələrdə isə donor olmaq istəyən şəxslər dünyalarını dəyişməmişdən əvvəl öz orqanının transplantasiya məqsədilə verilə bilməsinin mümkünlüyünü hansısa sənədlərində qeyd etdirirlər. Məsələn, Türkiyədə donor olmaq istəyən insanlar şəxsiyyət vəsiqələrində hansı orqanın donoru olmaq istədiklərini qeyd etdirirlər. Bu da həmin insanlar dünyalarını dəyişərkən onların orqanlarından həmin orqanlara ehtiyacı olan xəstələr üçün istifadə edilməsinə imkan verir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev çərşənbə günü Trend-ə bildirib ki, dünya ölkələrindəki bu təcrübənin Azərbaycana gətirilməsi çox yaxşı olardı və bu təcrübə Azərbaycanda da tətbiq edilməlidir. Ancaq bundan ötrü müəyyən işlər görmək lazımdır. Bunun üçün, ilk növbədə, donorluğun praktiki işləməsinə imkan verən müəyyən əsaslar yaradılmalıdır.

"Düzdür, bunun üçün hüquqi əsaslar var, ancaq təşkilati əsaslar yoxdur. Təşkilati işlər görüldükdən sonra bu məsələnin Azərbaycanda tətbiqi barədə düşünmək olar", - millət vəkili deyib.

Onun sözlərinə görə, bundan ötrü vacib olan şərt beyin ölümünün təsdiqi üçün komissiyanın yaradılması, Bakıda və ya respublikanın böyük şəhərlərində bu işə məsul klinikaların ayrılmasıdır. Həmin klinikalarda həm insanın beyin ölümü təsdiq edilməli, həm də beyin ölümü təsdiqləndikdən sonra orqanın çıxarılması və nəqli işi qurulmalıdır.

"Bundan sonra isə təbii ki, elektron çiplər yerləşdirilmiş pasportlara keçməliyik. Donorluqla bağlı həmin məlumatlar da o pasportlarda yerləşdirilə bilər", - deyə M.Quliyev bildirib. Onun fikrincə, transplantasiya elminin inkişafı bu sahədə də bəzi yeniliklərin edilməsini zəruri edir.

M.Quliyev deyib ki, orqan köçürülməsi üçün ən böyük mənbə dünyadan köçmüş insanların orqanlarıdır: "Ola bilər ki, kim isə qaracirəyinin bir hissəsini və ya başqa orqanını transplantasiya üçün verir. Bu da iki insanın travma alması və risk altına düşməsidir. Ancaq hər halda bu iş meyitdən görülsə, daha yaxşı olar".

O əlavə edib ki, hazırda Azərbaycanda donor bankı da yoxdur. Bu bankın yaradılması üçün qanunvericilik baxımından heç bir problem yoxdur.

"Donor bankının olması çox yaxşı olardı. Qanun hər şeyi tənzimləyir, sadəcə icrası baxımından məsələ ləngiyir", - MM üzvü əlavə edib.

Bakı Hüquq Mərkəzi hüquq şirkətinin əməkdaşı, vəkil Vasif Həsənov isə Trend-ə müsahibəsində Azərbaycanda orqanlarını bağışlamaq istəyən insanların hansı prosedurlardan keçdiyini açıqlayıb. O bildirib ki, "İnsan orqan və toxumalarının transplantasiyası haqqında" qanuna, həmçinin Nazirlər Kabinetinin 17.11.2011-ci il tarixli müvafiq qərarına əsasən, 18 yaşı tamam olmamış şəxslərin donorluğu qadağandır. Donor olmaq istəyən insanların yazılı razılığı alınır. Bundan sonra donor nəzərdə tutulan cərrahiyyə əməliyyatı nəticəsində sağlamlığı üçün baş verə biləcək ağırlaşmaların mahiyyəti ilə tanış edilir.

"Həmçinin yaddan çıxarılmamalıdır ki, donorun hərtərəfli tibbi müayinədən keçməsi və həkim-mütəxəssislər tərəfindən ondan orqanın götürülməsinin mümkünlüyü barədə rəy olması əsas şərtlərdən biridir. Sonra isə orqanının götürülməsi nəzərdə tutulan donorun orqanını verdiyi şəxslə genetik uyğunluğu müəyyən olunur. Sonda isə orqan köçürülməsinin zəruriliyi barədə tibb müəssisəsində müalicə həkimi, cərrah, anestezioloq və lazım gələrsə, digər mütəxəssislərdən təşkil olunmuş komissiya tərəfindən şəxsin donor qismində əməliyyata cəlb edilib-edilməməsi haqqında tibbi qərar qəbul edilir", - V.Həsənov deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən müvafiq normativ sənədlərdə qohumların donorluğu ilə bağlı müstəsna hallar nəzərdə tutulmayıb. Kimliyindən asılı olmayaraq, bütün donorlara eyni qaydalar və şərtlər şamil olunur.

Həsənovun fikrincə, əslində, qanunvericilikdə bu cür ayrı-seçkiliyin olmaması bu prosesin vahid qaydalar əsasında sistemləşdirilməsinə xidmət edir. Lakin fakt ondan ibarətdir ki, əksər hallarda qohumlar arasında donor olmaq istəyən şəxslər daha çox olur, çünki onların genetik xüsusiyyətləri resepiyentinki ilə daha yaxın olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar