Samir Şərifov: Əmanətçilərə 86 milyon manat ödənilib
12 İyul 2012 Cümə Axşamı 01:08
Samir Şərifov: Daxil olmuş 315 min müraciətin 192 mini üzrə müsbət qərar qəbul edilib.
2012-ci ilin birinci yarısında Azərbaycanda dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45,0 faiz çox olub.
Bunu maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetində keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116,0 faiz əməl etmişdir, yəni büdcəyə 2 milyard 968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 405,0 milyon manat və ya 15,8 faiz çox vəsait təmin edib. Həmin vəsaitin 55,0 faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.
“Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 557,0 milyon manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Dövlət Neft Fondundan büdcəyə 4 milyard 592 milyon manat vəsait transfer edilib.
Sair daxilolmalar üzrə büdcəyə 17,0 milyon manat vəsait təmin edilib. Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,4 faiz və ya 7 milyard 110 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 227 milyon manat və ya 45,6 faiz çox icra olunub”, - maliyyə naziri bildirib.
Samir Şərifov deyib ki, xərclərin funksional təsnifatına uyğun olaraq cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə investisiya xərclərinə 1,9 dəfə, iqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 42,1 faiz, müdafiə xərclərinə 41,6 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0 faiz, nəqliyyat və rabitə xərclərinə 19,4 faiz, səhiyyə xərclərinə 16,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3 faiz vəsait yönəldilib: “İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 370,0 milyon manat və ya 19,2 faiz çox olub. Cari ilin altı ayında investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,0 milyon manat vəsait istifadə olunub”.
Maliyyə naziri məlumat verib ki, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidənqurulması üçün 1 milyard 476,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405,0 milyon manat, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 118,0 milyon manat, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Acıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait yönəldilib: “Altı ayda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 118,0 milyon manat, o cümlədən Arpaçay və Ordubad su elektrik stansiyalarının tikintisinə üst-üstə 29,0 milyon manat, Naxçıvan şəhərinin və yeddi rayonun su təchizatı və kanalizasiya sisteminin tikintisinə 44,0 milyon manat, Naxçıvan-Culfa avtomobil yolunun yenidənqurulmasına 13,0 milyon manat vəsait sərf edilib”.
“Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon manat məbləğində vəsait istifadə edilib”, - Samir Şərifov əlavə edib.
Son altı ayda Prezidentin Ehtiyat Fondundan müxtəlif şəhər və rayonlarda bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 133 milyon manat vəsaitinin ayrıldığını, son iki ildə kəndlərarası yolların təmirinə 215 milyon manat vəsaitin xərcləndiyini bildirən maliyyə naziri deyib: “Hesabat dövründə dövlət büdcəsinin ehtiyat fondundan əvvəlcədən büdcədə nəzərdə tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 400,0 milyon manat, o cümlədən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı tarixi Fərmanın icrası olaraq 300,0 milyon manat vəsait ayrılıb. Qeyd olunan Fərmanın icrası olaraq cari ilin iyunun 1-dən fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılmış, 10 iyul tarixə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin 192 mini üzrə müsbət qərar qəbul edilib, onun 156 mini üzrə isə 86,0 milyon manat məbləğində vəsait əmanətçilərə ödənilib”.
Maliyyə naziri deyib ki, ölkə həyatı üçün heç də az əhəmiyyət daşımayan sosial siyasətin mühüm qolu kimi hərbi qulluqçuların yaşayış şəraitinin və maddi təminatının gücləndirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri və atılmış real addımları qeyd etmək olar: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 74 nəfər hərbi qulluqçuya Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Abşeron, Sumqayıt, Gəncə, Naxçıvan, İsmayıllı, Mingəçevir, Lənkəran və digər rayon və şəhərlərdə dövlət vəsaiti hesabına mənzillər təqdim edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə yaratdığınız komissiya tərəfindən isə daha 178 nəfər hərbi qulluqçuya mənzil verilməsi ilə bağlı qərarlar qəbul edilib”.
Maliyyə naziri onu da deyib ki, bu ilin altı ayında dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 61 milyon, kənd təsərrüfatı məhsulları istehsalçılarına 35 milyon, damazlıq heyvanların alınmasına 10 milyon, lizinq xidmətlərinə 33 milyon, fermerlərə kreditlərin verilməsinə 8 milyon, sahibkarlığın inkişafına 110 milyon manat vəsait yönəldilib. Bundan əlavə, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstəklənən investisiya layihələrinin sayı ötən illə müqayisədə 57,1 faiz, verilən güzəştli kreditlərin məbləği isə 53 faiz artıb. Azərbaycanda sığorta bazarının məcmu aktivləri iki dəfə, sığorta şirkətlərinin məcmu nizamnamə kapitalı isə 3,3 dəfə çoxalmışdır. Samir Şərifov nağdsız ödənişlərlə bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdıraraq bildirib: “2012-ci ilin iyul ayından Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyində xəzinə xidməti göstərilən təşkilatların xərcləri yalnız nağdsız qaydada aparılır. Bununla bağlı büdcə və büdcədənkənar xərclərin aparılması üçün əmək haqqı, müavinət, pensiya, təqaüd və sair sosial ödənişlər üzrə fiziki şəxslər tərəfindən istifadə olunan plastik kartlarla bərabər hüquqi şəxslərə verilən korporativ kartların geniş tətbiqi nəzərdə tutulur”.
DOSTLARINLA PAYLAŞ: