Sabir Rüstemxanlı Sirus Tebrizli ile konfliktlerinden danışdı
07 Sentyabr 2013 Şənbə 17:37
VHP sedri Sabir Rüstemxanlı: Müeyyen müddetden sonra aramızda fikir ayrılığı, konfliktler olub.
“Onun ölümü Azərbaycanın ictimai həyatının itkisidir, çox təəssüflənirəm”.

ANS PRESS-in Publika.az-a istinadən verdiyi xəbərə görə, bunu millət vəkili Sabir Rüstəmxanlı Sirus Təbrizlinin ölüm xəbərinə münasibət bildirərkən deyib.

“Hər bir həmkarımızın dünyasını dəyişməsi bizim kədərləndirir. Sirus bəylə uzun müddət “Ədəbiyyat və İncəsənət” qəzetində birlikdə çalışmışıq. Sonra mən Mətbuat və İnformasiya Nazirliyində işə başlayandan bir il sonra o da, həmin qurumda nazir kimi fəaliyyətə başladı.1989-cu ildə Meydan hərəkatına qoşulub, orada da birlikdə olmuşuq. Bir çox hadisələr bizi bağlayırdı. “Ədəbiyyat və İncəsənət” qəzetində işlədiyi vaxtda "Şənbə gülüşü" adlı səhifəsində ələ Sovet dövründə sərt satirik yazılar çap etdirirdi. İctimai-siyasi hadisələrə çox özünəməxsus, ayıq, iti müşahidələri ilə reaksiya verirdi. Vətənini, millətini sevən biri idi. Tale onu Güney Azərbaycandan bura gətirmişdi. Aramızda ünsiyyət yaradan məsələlərdən də biri bu idi.

Həyatının sağlam, güclü vaxtında dünyasını dəyişməyinə təəssüflənirəm. Gənclik illərində fəal jurnalsitika ilə məşğul olmuşdu. Düzdür, son vaxtlar bu sahədən uzaqlaşmışdı, amma siyasi həyatla bağlı ara-sıra kəskin, obyektiv yazılar da çap etdirirdi. Yeni Azərbaycan Partiyasının yaranmasında onun fəaliyyəti danılmazdır”.

S.Rüstəmxanlı S.Təbrizli ilə aralarında davam edən konfliktlərdən də danışdı: “Müəyyən müddətdən sonra aramızda fikir ayrılığı, konfliktlər olub. Amma bu da təbii bir məsələ idi. heç vaxt bu konfliktlər bizim münasibətlərimizdə problem yaratmayıb. O da hər hansı sıxıntı içində olanda mənə müraciət edirdi. Ümumi dostlarımız da var idi. İndi bunların hamısı yadıma düşür.

Yerdə qalanlarına can sağlığı versin. Yoldaşına, övladlarına başsağlığı verirəm. Yoldaşı Rəfiqə xanımla da uzaq qohumluğumuz var. Bütün yaxınlarının başı sağ olsun”.

Sirus Təbrizli bu gün səhər saatlarında dünyasını dəyişib. Səhhəti ilə bağlı heç bir problemi olmayıb.Xatırladaq ki, Sirus Təbrizli Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, keçmiş mətbuat və informasiya naziri olub.

Sirus Təbrizli 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. YAP-ın sədr müavini işləyib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Tənqidi çıxışlarına görə 2007-ci ildə YAP-dan xaric edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar