Saatlıda Gənclər Mərkəzi istifadəyə verilib
27 Oktyabr 2012 Şənbə 18:43
Prezident İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Diqqətə çatdırıldı ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti bu gün Azərbaycan prezidenti tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən bu sahədə kompleks tədbirlər reallaşdırılır. 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramının uğurlu icrası bu baxımdan çox mühüm rol oynayıb. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” indiyədək həyata keçirilən işlərin davamlı xarakter daşıdığını göstərir.
Məlumat verilib ki, Azərbaycan prezidentinin müvafiq Sərəncamı ilə dövlət vəsaiti hesabına tikilən mərkəz Heydər Əliyev parkına bitişik ərazidə mövcud olan köhnə və yararsız ikimərtəbəli yaşayış binasının yerində inşa edilib. Mərkəzin ikimərtəbəli binasının tikintisinə 2011-ci ildə başlanılıb. Ümumi sahəsi 2,5 min kvadratmetr olan Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Saatlı rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılıb.
Binanın birinci mərtəbəsində tikişçilik dərnəyi və kompyuter otaqları var. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait mövcuddur. Mərkəzdə qurulan atıcılıq klubu müasir texniki avadanlıqla təchiz olunub. Həm tir tüfəngləri, həm də pnevmatik silahlar vasitəsilə gənclərə hədəfi düzgün nişan almaq və daha dəqiq olmaq üçün lazer texnologiyasından geniş istifadə imkanları yaradılıb. Xüsusi kompyuter qrafikası vasitəsilə müxtəlif ov səhnələrinin nümayişi də diqqət çəkən məqamlardandır. Burada musiqiyə marağı olan gənclər üçün karaoke otaqları da fəaliyyət göstərəcək.
Gənclər Mərkəzinin binasının ikinci mərtəbəsində rəssamlıq dərnəyi və rəqs studiyası yaradılıb. Virtual rinq otağında isə gənclərin bilik və bacarıqlarının nümayişi üçün müasir kompyuter guşəsi qurulub. Mərkəzdə müasir üslubda kafe də fəaliyyət göstərəcək. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün də hər cür şərait var. Mərkəzə gələn gənclər elektron kitabxanada və linqvistika otağında informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri ilə tanış olacaqlar. Burada 3D formatlı filmlərin nümayişi üçün ayrıca kinozal da yaradılıb. Mərkəz Saatlı gənclərinin bilik və bacarıqlarının artırılmasında, onların asudə vaxtlarının daha səmərəli təşkilində mühüm rol oynayacaq.
Görülmüş işlərdən razılığını bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
DOSTLARINLA PAYLAŞ: