Qorxulu ev və Şeytan çarxında bir gün
20 Noyabr 2012 Çərşənbə Axşamı 03:04
"Ailəvi istirahət etmək istəyirsənsə, maaşın yarısıyla vidalaş"
Bakının dənizkənarı bulvarı yerli sakinlərin və qonaqların ən çox xoşladıqları istirahət yerlərindən biridir. Bakı bulvarı istər gənclərin, istər yaşlı nəslin, istərsə də uşaqların ən sevimli məkanıdır. Lakin Milli parkı sevənlərin sayı nə qədər çox olsa da, ondan gileylənənlər də var, xüsusilə də buradakı qiymətlərdən. Bu səbəbdən də Milli.Az-ın əməkdaşı Bakı bulvarına yollanaraq, bir günlük istirahətin neçəyə başa gəldiyi ilə maraqlandı. Qeyd edək ki, qiymətlər olduqca müxtəlifdir.

Pulunu ver - qorx!

Kiçik uşaq maşınlarının qiyməti 50 qəpikdən 2 manat 50 qəpik arasında dəyişir. Uşaqlar üçün nəzərdə tutulmuş zəncirli karuseldə bir dəfə fırlanmaq isə 50 qəpiyədir.

"4G" adlanan yeni tipli kinoteatra daxil olmaq üçün 5 manatından keçməlisən. Bildirək ki, "4G" kinoteatrının qarşısında hər zaman növbə var.

Gəmi ilə dəniz gəzintisi 2-3 AZN arasında dəyişir. Xatırladaq ki, bu il "Eurovision 2012"yə ev sahibliyi edən Bakıya Türkiyədən 2 yeni gəmi gətirilib. Bu gəmilərdən biri 60, digəri isə 40 nəfərlikdir. Yeni gəmilərdə gəzinti turu 40 dəqiqəlikdir. Bir nəfərin gəzintisi isə 3 manata başa gəlir. Yeni gəmilərdən fərqli olaraq, köhnə gəmilərdə gəzinti 2 AZN-dir. Lakin gəzinti turu 30 dəqiqəlikdir.

"Sehrli labirint"də 15 dəqiqəlik səyahət etmək istəyən 2 AZN-indən keçməlidir. Qeyd edək ki, bu labirintdə səyahət "güclü baş" tələb edir. Çünki labirintdə quraşdırılmış şüşələr yolun hansı tərəfdə olduğunu tapmaqda çətinlik yaradır. Bir çoxu isə bu şüşələri görmədikləri üçün hər dəfə başlarını onlara vururlar. Əgər "Sehrli labirint"dən kimsə alnında şiş ilə çıxsa, heç də təəccüblənməyin.

Park Bulvarın son zamanlar ən maraqlı attraksionlarından biri də "Qorxulu ev"dir. Qeyd edək ki, "Qorxulu ev"ə daxil olmaq istəyən hər bir şəxsdən 5 AZN tələb olunur. Bu evdə 15 dəqiqəlik səyahət heç də yaxşı təəssüratlar oyatmır. Qaranlıq otaqlarda səyahət edərkən qaniçən və mumiyaların nəinki qarşına çıxması, üstəlik, adama toxunması insanı nə hala salar - özünüz düşünün.

Bakı bulvarında velosiped gəzintisi

Bu ildən Bakı bulvarı sakinlərə və qonaqlara velosiped gəzintisi üçün də şərait yaradıb. İndi burada velosiped və ya elektrik taksi icarə edərək gəzintiyə çıxmaq olar. Velosipedlə gəzintinin bir saatı 2 AZN-dir. Əgər gəzintinin saatı artırılırsa, əlavə olaraq hər saat üçün 1 AZN ödənilir. Üçtəkərli və arxa oturacaqları olan velosipeddə gəzintinin bir saatı isə 5 AZN-dir.

Bulvarı qatarla da dolaşmaq olar. Qatarda gəzinti böyüklər üçün 2 AZN, 12 yaşa qədər uşaqlar üçün isə 1 AZN təşkil edir. Qatar bulvarın istənilən səmtinə gedir.

Bakının "Venesiya"sı

Bakı bulvarında yaradılan yeni "Venesiya su şəhərciyi" adası hər kəsin sevimli yeridir. Qeyd edək ki, "Venesiya su şəhərciyi"ndə qayıqla gəzinti təşkil olunub. Bu xidmətin 20 dəqiqəsi üçün 5 manat alınır. Qeyd edək ki, qayıq 4 nəfər üçün nəzərdə tutulsa da, qayığa 3 nəfərdən çox insanın minməsi qadağandır. Çünki 4-cü insanın yerində qayığı idarə edən şəxs oturur. "Venesiya" şəhərciyi yüksək səviyyədə təmir olunduğu kimi, elə orada istirahət də bahalığı seçilir. Burada yüksək səviyyəli restoranlar xidmət göstərir, qiymətlər isə müxtəlifdir. Misal üçün, bir nəfərin qəlyanaltısının dəyəri 10-20 AZN arasında dəyişir.

Bakı sakini 55 yaşlı Eyvaz Qurbanov isə keçmiş "Venesiya" üçün darıxdığını deyir:

"Qabaqlar mən buraya dostlarımla domino, nərd oynamağa gələrdim. Bir çaynik çay sifariş verib, axşamadək əylənərdik. Düzdür, indi şəhər abadlaşıb, bulvar da dəyişilib, gözəlləşib. Lakin mənim kimi insanların cibinə görə deyil. Yeni "Venesiya"nın təmirindən sonra bizə bu adanın yanından ötüb keçməkdən başqa heç nə qalmır".

"Ailəvi istirahət etmək istəyirsənsə, maaşın yarısıyla vidalaş"

"Bu gün burada istirahət etmək istəyən şəxsin, ən azı, 100 manatı olmalıdır. Mənim iki övladım var. Bazar günləri hər bir normal uşaq kimi onlar da Bakı bulvarında gəzmək istəyirlər. Lakin bu gün bu gəzinti çox baha başa gəlir. Mənim aylıq qazancım 300 AZN-dir. Əgər övladlarımı hər həftə Bakı bulvarına gəzintiyə aparsam, maaşımın yarısına əlvida deməli olacam. Çünki hər dəfə burada 40 manatadək pul xərcləyirəm", - 34 yaşlı həmsöhbətim Rasim Xəlilov deyir.

Deyilən fikirlərə münasibət bildirməsi üçün Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxladıq. N.Məcidovun sözlərinə əsasən, qiymətlər hər bir azərbaycanlı vətəndaşının cibinə görədir.

"Bu gün biz deyə bilmərik ki, Dənizkənarı bulvarda qiymətlər yüksəkdir. Əksinə, qiymətlər ortadır. Digər ölkələrin əyləncə məkanlarının qiymətlərinə nəzər salsaq, görərik ki, hətta bizdə qiymətlər aşağıdır.

Bulvarın hər satış nöqtəsində idarə tərəfindən qiymətlər yazılıb. Əgər alıcılar, misal üçün, dondurma alarkən yazılan qiymətlərə baxmayıb, satıcının dediyi qiymətləri ödəyirlərsə, bu artıq Bakı bulvarının problemi deyil. Burada insanlar özləri günahkardılar. O ki qaldı qiymətlərə, Bakı Dənizkənarı bulvarında olan qiymət sistemi olduqca normaldır. Bahalı mallar olduğu kimi, satış nöqtələrində ucuz mallar da var", - deyə Nazim Məcidov bildirdi.

Dənizkənarı bulvarın restoranları

Qeyd edək ki, Milli parkda istənilən zövqə aid restoran var. Qiymətlər isə olduqca müxtəlifdir.

Restoranda 1 çaynik çay 10 AZN-dir, bir şiş kababın qiyməti 5 manatdır. Hər bir salatın (bir nəfər üçün) qiyməti 4 manatdır. Meyvə şirələrinin qiyməti isə 3 AZN-dir.

Lakin restorandan fərqli olaraq, bulvarın istənilən nöqtəsində yüngül qəlyanaltı üçün müxtəlif obyektlər mövcuddur. Belə obyektlərdəki qiymətlər bulvar restoranlarının qiymətlərinə nisbətən daha ucuzdur. Misal üçün, bulvarın hər köşkündə suyun qiyməti 50 qəpikdir. Qeyd edək ki, sərinləşdiri içkilərin ən ucuzu sudur. Ən bahalı içki isə 2-3 AZN-dir. Dondurmaların qiyməti 60 qəpikdən başlayaraq 3 AZN arasında dəyişir.

Bir dönərin qiyməti 1 manat 50 qəpiyədir. Şəkərli pambıq və pop-kornun qiyməti 1-2 AZN arasında dəyişir.

Satıcılardan qiymətlərin niyə belə baha olduğunu soruşanda bunu kirayə yerlərinin bahalı olması ilə əlaqələndirdilər.

"Bakı bulvarında kirayə haqqı şəhərin başqa yerlərindən fərqli olaraq yüksəkdir. Əgər biz satılan malların üzərinə qiymətləri hər yerdə olduğu kimi yazsaq, nəinki heç nə qazanmarıq, üstəlik, ziyan edərik", - deyə Vüqar adlı satıcı dedi.

Bakı Dənizkənarı bulvarında əyləncə və attraksionların qiymətləri:

7D formatında film izləmək 10-12 dəqiqə - 5 AZN

"Mini-Scooter" attraksionunda 3 dəqiqə - 2 AZN

Tir (5 atış) - 2 AZN

"Disco" attraksionunda 3 dəqiqə - 1 AZN

"Tarzanka"da 5 dəqiqə - 4 AZN

Rikşada gəzintinin 20 dəqiqəsi - 5 AZN

Su üzərində hava şarının 5 dəqiqəsi - 3 AZN

"Moto-racing" attraksionunda 3 dəqiqə - 1 AZN

Ailəvi attraksionun 3 dəqiqəsi - 1 AZN

"Delfin" attraksionunda 3 dəqiqə - 1 AZN

Karuseldə 3 dəqiqə - 2 AZN

Cizgi filminə çəkilməyin 20 dəqiqəsi - 5 AZN

Şeytan çarxında (böyüklər üçün) 3 dəqiqə - 2 AZN

Şeytan çarxında (8 yaşadək uşaqlar üçün) 3 dəqiqə - 1 AZN

Maşın yarışının 3 dəqiqəsi - 2 AZN

"Pirat" attraksionunda 3 dəqiqə - 2 AZN

“Qorxulu ev” - 5 AZN


DOSTLARINLA PAYLAŞ:

oyunlar