Erməni və Rusiya telekanalları televiziya kanallarının yayımına müdaxilə edir.
İllərdir Qazaxda erməni silahlı qüvvələri ilə həmsərhəd yaşayan azərbaycanlıların daha bir çətinliyi yerli televiziyaların izlənməsi ilə bağlıdır. Erməni telekanallarının müdaxiləsindən rəsmi Bakı da xəbərdardır.
Qazaxın təmas xəttində yerləşən Məzəm və Quşçuayrım kəndlərində sakinlər yerli televiziyaları izəyə bilmir. Kənd sakini Məmməd Əliyev deyir ki, kənd ərazisində yalnız 3 televiziya kanalı tutur ki, bunlardan 2-si Ermənistana, biri isə Rusiyaya məxsusdur. Sakinlər deyir ki, bir neçə il bundan öncə cəbhə kəndlərində yerli televiziyaların yayımını bərpa etmək üçün avadanlıqlar quraşdırılsa da, bu günə qədər problem aradan qaldırılmayıb.
Qazaxın digər cəbhə kəndləri Kəmərli, Qaymaqlı və Aslanbəylidə isə yalnız dövlət televiziyası yayımlanır. Bu isə qonşu dövlətlərin televizyaları ilə müqayisədə çox zəifdir. Bu səbəbdən də Gürcüstan televiziyalarını izləmək məcburiyyətində qalan Arzuman Məmmədov deyir ki, artıq bu ölkənin dilini öyrənməyə başlayıb.
Təmas xəttində yerləşən kəndlərdə olan əsas problemlərdən biri də mobil operatorlar şəbəkəsinin burada tutmamasıdır. Ermənistana məxsus “MTS arm” və “ARM10” mobil operatorlarının şəbəkəsi isə ərazini tam əhatə edir.
Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin ərazi nümayəndəsi Yaqub İsmayılov bildirdi ki, cəbhə kəndlərində yayıma nəinki Ermənistan, hətta digər qonşu ölkələr müdaxilə edə bilməz. Buna səbəb yayımı həyata keçirən idarənin müasir aparatlarla təchiz olunmasıdır. Yayımın zəif, bəzi yerlərdə ümumiyyətlə olmamasını isə nazirlik nümayəndəsi ərazinin dağlıq ərazi olması ilə əlaqələndirir.
Qeyd edək ki, Qazax Ermənistan ilə sərhəddə yerləşir və Azərbaycan torpaqları artıq 20 ildən artıqdır ki, işğal altında olduğu üçün buranın sakinləri ağır şəraitdə yaşayır.