Qaz kartlarına yüklənməyən pul hara gedir?
24 Dekabr 2012 Bazar Ertəsi 18:10
"Azəriqaz" SC məsələyə aydınlıq gətirib.
"Son günlərdə təbii qazın haqqının smart kartla ödənişində yaranan çətinliklər texniki problemlə bağlıdır və yaxınlarda vəziyyətin düzəldilməsi üzrə tədbirlər görülür". Bu barədə ANS PRESS-ə "Azəriqaz" SC-nin mətbuat xidmətinin başçısı Araz Əliyev bildirib.
O, vətəndaşlara qaz pulunun ödənilməsində alternativ yollardan istifadə etməyi tövsiyyə edib: "Həm qaz istismar sahələrindəki PayPoint sistemindən, həm Beynəlxalq Bankın fililal və şöbələrindən, həm də onlayn ödəniş etmək mümkündür. Əgər hansısa variantda alınmırsa, vətəndaş alternativ yola əl atmalıdır",- deyə Araz Əliyev vurğulayır.
Amma problem əsasən PayPoint sistemində yaranır. Hadisə belə baş verir: Vətəndaş hər hansısa PayPoint aparatından istifadə edərək kartına pul yükləyir və evə gedərək kartı sayğaca saldıqda oradan balansın sıfır olduğunu görür. Əksər vətəndaşlar pulunun sistemdə itdiyini düşünür.
PayPoint aparatlarına xidmət göstərən "Komtec LTD" MMC-nin əlaqə mərkəzi qrupunun Şirin Məmmədyarova ANS PRESS-ə bildirib ki, həmin pullar itməyib və şirkətin Bakı Dövlət Universiteti ilə üzbəüz, yəni Bəxtiyar Vahabzadə küçəsi, 5 ünvanında yerləşən 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən baş ofisinə müraciət etməlidir. "Bu zaman onların üzərində şəxsiyyət vəsiqəsi, smart-kart və pulun ödəniş qəbzi olmalıdır. Bu sənədlər əsasında pul abunəçinin kartına oturdulur ki, o da kartdakı pulu sayğaca yükləyə bilir, - deyə Məmmədyarova bildirib.
Şirin Məmmədyarovanın sözlərinə görə, problem "Azəriqaz" QSC-nin şəbəkəsində olan problemdən qaynaqlanır. "Hazırda havaların soyuması ilə bağlı qaz pulu ödəyənlər çox olduğundan şəbəkə ona edilən sifarişlərin hamısını götürə bilmir. Ona görə də, bəzi pulların karta yazılması baş tutmur. "Azəriqaz" tezliklə məsələnin həll ediləcəyini bildirir",- deyə Məmmədyarova vurğulayıb.
Qeyd edək ki, vətəndaş kartlara pul yazılmasını özü də bərpa edə bilər. Bunun üçün kartları yenidən başqa PayPoint aparatına qoyaraq "kartın bərpası" əməliyyatını aparmaq lazımdır. Məmmədyarovanın dediyinə görə, bu da mümkündür: "Şəbəkə yüklü olduğundan bəzi siqnallar keçir, bəziləri isə yox. Təkrar siqnalla bəzi kartları bərpa etmək olur. Amma bu baş tutmadıqda mütləq bizim baş idarəmizə müraciət edin".
DOSTLARINLA PAYLAŞ: