Prezidentin 8 mart – Beynəlxalq Qadınlar günü təbriki
05 Mart 2013 Çərşənbə Axşamı 08:31
İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.
Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:
“Hörmətli xanımlar!
Əziz analar və bacılar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazıb. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib seçilmək hüququ əldə etməsi də, mədəniyyətin, incəsənətin və elmin müxtəlif sahələrində ilk addımları atması da Azərbaycan qadınının mədəni səviyyəsinin və intellektual potensialının aydın təzahürüdür. Fərəhləndirici haldır ki, gənc xanım və qızlarımız bu nailiyyətlərin layiqli davamçıları kimi nəsillərin varisliyini təmin edirlər.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var. Respublikamızda bir an belə ara verməyən hazırkı quruculuq işlərində ölkə xanımları tariximizin hər bir mərhələsində olduğu kimi bu gün də çox yaxından iştirak edir, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərin fəal iştirakçısı olaraq vətənimizin yüksəlişinin təmin edilməsinə töhfələrini əsirgəmirlər. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin nəticəsidir.
İnanıram ki, sürətli dəyişikliklərin baş verdiyi indiki qlobal dünyada siz daim mədəni-mənəvi zənginliklərimizin yaşadılması üçün çalışacaq, ölkəmizin gələcək inkişafı naminə gənc nəslin qədim ənənələrimizə, milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsinə bundan sonra da xüsusi diqqət yetirəcəksiniz.
Bayramınız mübarək olsun!”
DOSTLARINLA PAYLAŞ: