Post-terminallardan istifadə etməyən mağazalar cərimələnəcək?
23 İyul 2012 Bazar Ertəsi 20:40
Natiq Əmirov: Paytaxt üçün ayrı, regionlar üçün ayrı qanun tətbiq edə bilmərik.
Prezident İlham Əliyevin elektron xidmətlərin genişləndirilməsi və hesablaşmalar zamanı post-terminallara üstünlük verilməsi barədə tapşırığı ilk növbədə qara mühasibata qarşı idi. Dövlət başçısının göstərişinə əsasən, bütün iaşə məntəqələrində post-terminallar, yəni plastik kartlarla ödəməni həyata keçirən cihazlar quraşdırılmalıdır. Amma paytaxtda bir neçə ticarət obyektlərinə baş çəkdikdə məlum oldu ki, heç də bütün obyektlərdə post-terminal yoxdur. Olanların isə heç də hamısı xidmət göstərmir.
Şəhər sakinləri arasında apardığımız sorğu isə göstərdi ki, post-terminalların olmaması əksər sakinlərdə narahatlığa səbəb olur.
Mütəxəssislər sahibkarların post-terminallardan istifadə etməkdə maraqlı olmamasının bir səbəbini də post-terminal olmamasına görə heç bir cərimənin nəzərdə tutulmamasında görürlər. Amma Vergilər Nazirliyi məsələyə fərqli yanaşır.
Vergilər nazirinin müavini Natiq Əmirov post-terminallardan istifadə etməyən sahibkarlara qarşı cərimə tətbiq edilməməsinin səbəbini belə izah edir: “Post- terminallarla respubilkanın bütün regionları əhatə olunmalıdır. Nə qədər ki, bu prosses başa çatmayıb, biz bu sahədə xüsusi cərimələrin təyin olunmasının tərəfdarı deyilik. Bu məsələ ilə bağlı rayonlarda sahibkarların obyektiv problemləri olduğundan, onların əlavə cərimə yükü ilə yüklənməsi düzgün deyil. Yəni paytaxt üçün ayrı, regionlar üçün ayrı qanun tətbiq edə bilmərik”.
Qeyd edək ki, Azərbaycanda ticarət və xidmət obyektlərində 30 minə yaxın post-terminal quraşdırılıb. İlin sonuna qədər bu post-terminalların sayının artırılacağı və bütün ölkəni əhatə edəcəyi nəzərdə tutulub.