Onlar ateist bolşeviklər qədər dinə zərbə vururlar
12 Aprel 2013 Cümə 14:37
Elşad İskəndərov son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyillərindən də danışıb.
Bu gün Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı və Şamaxı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Respublikanın Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda iki günlük regional konfrans işinə başlayıb.
ANS PRESS-in komitənin saytına istinadən verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, Şamaxıdakı toplantının Azərbaycanın müxtəlif bölgələrində keçiriləcək analoji silsilə tədbirlərin üçüncüsü olduğunu diqqətə çatdırıb. Komitə sədri bildirib ki, bu gün dini maarifləndirmə sahəsində də geniş ilər aparılır. Bir müddət önə axund və imamlar üçün xütbə vəsaitləri toplusunun nəşr edilməsi buna bariz nümunədir. Bəziləri bunu guya “vahid xütbə” kimi təqdim etməyə çalışırlar. Amma bu sözü deyənlərin kitabın içindəkilərdən xəbəri də yoxdur. Çünki toplunu bircə dəfə mütaliə etsələr görə bilərlər ki, orada yalnız axund və imamlar üçün yardımçı vəsaitlər var.”
Komitə sədri son vaxtlarda dini icmalar və dindarları siyasiləşdirmə meyillərindən də danışmışdır. Qeyd edib ki, ölkəmizdəki sabitliyi pozmaq istəyində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar öz məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz oyunlarına alət etməyə çalışırlar: “Bəziləri dindarların siyasiləşdirilməsi, siyasi oyunlara cəlb edilməsi üçün müxtəlif vasitələrdən istifadə edir. Öz məqsədlərinə nail olmaq üçün dindarlardan istifadə etmək fikrinə düşürlər. Amma bunu etmək istəyənlər unudurlar ki, Azərbaycan xalqı. O cümlədən ölkədəki dini icmalar dövlətçilik prinsiplərinə sadiqdirlər. Biz əminik ki, dini icmalar bu cür çirkin oyunlara qoşulmayacaqlar”.
E.İskəndərov çıxışının sonunda icmaları dini maarifləndirmə sahəsində fəal olmağa və bir sıra radikal qüvvələrin qarşısında əsas silah olan düzgün maarifləndirmə istiqamətini təbliğ etməyə çağırdı. “Cəmiyyətdə hər kəs eyni düşüncədə deyil və bu təbii haldır. Amma müəyyən vaxtlarda müxtəlif radikal düşüncəli qruplar insanlar arasında öz ideyalarını yaymağa və islamın əsl mahiyyətindən kənar fikirlər aşılamağa çalışırlar. "Dinçi bolşeviklər" "ateist bolşeviklər" qədər dinə zərbə vurur. Odur ki, xalqın dini maarifləndirməsində, həmçinin islamın düzgün təbliğində sizlərin üzərinə böyük vəzifə düşür. Düşünürəm ki, biz bu cür hallara qarşı birgə mübarizə aparacağıq”.
DOSTLARINLA PAYLAŞ: