Bayram yarmarkalarına ümumilikdə 600 tondan çox məhsulun çıxarılması planlaşdırılır.
Novruz bayramı ərəfəsində Bakının 7 rayonunda, 9 ünvanda kənd təsərrüfatı yarmarkaları keçiriləcək. Kənd Təsərrüftı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin ANS PRESS-ə verdiyi məlumata görə, yarmarkalar bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunacaq.
İstehlakçılar yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə 20-30 faiz daha ucuz əldə edə biləcək. 16 martda başlayacaq və martın 19-dək davam edəcək yarmarkalara bölgələrdən gətirilən 600 tona yaxın məhsulun çıxarılması gözlənilir.
Bundan əlavə budəfəki yarmarkalarda həmişəkindən fərqli olaraq, un, şirniyyat məmulaları, yağlar, mürəbbə, konservlər kimi hazır məhsullar da çıxarılacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil ediləcək:
Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;
Xətai rayonu
- Bakı kinoteatrının yanı;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.