Nazirlik direktoru 4 min manat cərimələdi
04 İyun 2013 Çərşənbə Axşamı 10:55
Sumqayıt şəhərində tullantıların yanmasına və atmosfer havasının çirklənməsinə yol verildiyi aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sumqayıt şəhərinin cənub-qərbində yerləşən ümumşəhər məişət tullantıları poliqonunda məişət tullantılarının yandırılması ilə bağlı daxil olmuş şikayət Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən ANS PRESS-ə verilən məlumata görə, əraziyə baxış zamanı Sumqayıt şəhərində əmələ gələn məişət tullantılarının yığıldığı poliqonda 0,5 hektar sahədə tullantıların yanmasına və atmosfer havasının çirklənməsinə yol verildiyi aşkar edilib.

Yol verilmiş inzibati xətaya görə poliqona cavabdeh olan “Sumqayıt şəhər Təmizlik Departamenti” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rahim Mustafayev barəsində protokol tərtib olunmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-1.0.5-ci maddəsinə əsasən o, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib. Poliqonda müvafiq tədbirlərin görülməsi, tullantıların yandırılması faktlarına yol verilməməsi üçün əraziyə cavabdeh olan R.Mustafayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Ərazi Nazirliyin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən nəzarətə götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar