Nazir Hüseyqulu Bağırov Şahdağda olub
04 Oktyabr 2013 Cümə 17:53
Hüseyqulu Bağırov Şahdağ Milli Parkının Şabran rayonu erazisinde inşa olunmuş binasına baxış keçirib.
Bu gün Cənubi Qafqazın ən böyük milli parkı olan Şahdağ Milli Parkının Şabran rayonunun Pirəmsən kəndi ərazisində inşa olunmuş inzibati bina kompleksinə baxış keçirilib.

ETSN-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Şahdağ Milli Parkının müasir standartlara cavab verən inzibati bina kompleksi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində büdcə vəsaiti hesabına reallaşıb. Tikintisi tam başa çatdırılmış kompleks artıq milli park kollektivinin, o cümlədən ziyarətçilərin istifadəsinə verilib.

Bina kompleksi ilə tanışlıq mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, nazirliyin əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Məlumat verilib ki, Şahdağ Milli Parkının müasir infrastrukturu, ərazisində Azərbaycanın ən yüksək zirvələrinin yerləşməsi, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyi onu regionun böyük ekoturizm potensialı olan təbiət kompleksi kimi səciyyələndirir. Yeni inzibati bina kompleksi inzibati binadan, ekoturizm mərkəzindən və Milli Parkın əhatə etdiyi 6 inzibati rayonun (Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ) ərazilərində tikilmiş nəzarət-buraxılış məntəqələrindən ibarətdir. Milli Park, həmçinin texniki avadanlıqla, çətin şəraitdə hərəkət edə bilən kvadrasikl və qarda yeriyən nəqliyyat vasitələri ilə də təchiz edilmişdir.

Ekoturizm mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə edilməsi, turizm avadanlığının icarəyə verilməsi üçün şərait yaradılıb və təbiət muzeyi turistlərin istifadəsinə verilib. Yeni nəzarət-buraxılış məntəqələri isə Qusar rayonunun Ləzə, Quba rayonunun Xınalıq, Şamaxı rayonunun Qələybuğur, İsmayıllı rayonunun Buynuz, Oğuz rayonunun Baş Daşağıl kəndlərində və Qəbələ rayonunun müvafiq dağlıq sahəsində inşa edilib.

Şahdağ Milli Parkı ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılması məqsədi ilə yaradılıb. Eyni zamanda, Milli Park təbii kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsi məqsədi də daşıyır.







DOSTLARINLA PAYLAŞ:

oyunlar