NATO-nun baş katibi Azərbaycana gələcək
17 Aprel 2009 Cümə 10:35
Mayın əvvəllərində Bakıda Azərbaycanın NATO ilə əməkdaşlığının 15 illiyinə həsr olunmuş konfrans keçiriləcək.
Konfransa NATO-nun baş qərargahından mülki və hərbi vəzifəli şəxslərin qatılacağı gözlənilir: «Azərbaycan 1994-cü ilin may ayında Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulmaqla, Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm addım atdı. Artıq Bakı NATO-nun beynəlxalq sülhyaratma əməliyyatlarına dəstək verməklə yanaşı, hərbi qüvvələrini NATO standartlarına uyğunlaşdırır, bu sahədə islahatlar həyata keçirir».

Qeyd edək ki, tədbirə NATO baş katibi Yaap de Hoop Sxeffer və NATO-nun Avropa Komandanlığının rəhbərinin də qatılacağı gözlənilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən isə APA-ya hazırda konfransın vaxtının dəqiqləşdirildiyi bildirilib. Konfransda NATO-dan kimlərin iştirak edəcəyi barədə məlumat verilməyib.

Onu da əlavə edək ki, Sxeffer NATO baş katibi səlahiyyətlərini bu ilin avqustunda qurumun yeni baş katibi Anders Foq Rasmussenə təhvil verəcək. Rasmussen aprelin 3-4-də Strasburq və Kehldə keçirilən NATO sammitində qurumun baş katibi seçilib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar