Mobil abuneçilerin nezerine
30 Aprel 2013 Çərşənbə Axşamı 23:42
Sabahdan mobil cihazların qeydiyyat sistemi (MCQS) tam işə salınacaq.
1 may 2013-cü il tarixindən mobil cihazların qeydiyyat sistemi (MCQS) tam işə salınacaq.
Sistem nazirliyin Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılmışdır.
Xatırladaq ki, 2013-cü ilin 1 mart tarixindən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların İMEİ nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsində heç bir problem yaşanmayacaq.
Qeydiyyat sistemi istismara verildikdən sonra şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.
Bu qayda respublikamıza gələn xarici qonaqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.
Həmçinin istehlakçılar qurğuların İMEİ nömrələrini bu yaxınlarda istifadəyə verilən www.imei.az saytına daxil olmaqla da yoxlaya bilərlər. Burada onlar həmçinin mobil cihazların qeydiyyat sistemi barədə ətraflı məlumat əldə edə bilərlər.
Sistemin yaradılması “İnformasiya-komminikasiya ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.
Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında “pirat” kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir. İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir.
Bununla yanaşı, qeydiyyat sistemi qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir.
DOSTLARINLA PAYLAŞ: