Məşhur aşpaz Şahhüseyn Kərimov vəfat edib
05 Dekabr 2011 Bazar Ertəsi 14:18
Azərbaycan milli mətbəxinin tanınmış simalarından olan Şahhüseyn Qulu oğlu Kərimov dekabrın 4-də 64 yaşında Bakı şəhərində dünyasını dəyişib.
Mərhumun ailəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, Ş. Kərimov bir neçə ay əvvəl boğazından əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şahhüseyn Kərimov 1947-ci ildə Lənkəran şəhərində anadan olub. Atası Qulu kişi o vaxtlar bölgənin tanınmış aşpazlarından sayılıb və bu sənətin sirlərini Şahhüseynə öyrədən də məhz o, olub. Orta məktəbi bitirdikdən sonra Ş. Kərimov Bakı Kooperativ Texnikumunda təhsil alıb. Burada aşpaz ixtisasına yiyələnən Şahhüseyn bir müddət Lənkərandakı “Sahil” və “Lənkəran” restoranlarında, daha sonra isə “Dostluq” kafesində baş aşpaz kimi çalışıb. Şahhüseyn Kərimov saysız-hesabsız unikal xörək növlərinin müəllifidir. O, talış mətbəxinin tanınması üçün böyük əmək sərf edib. “Azərbaycanın ticarət əlaçısı” adına layiq görülən Ş. Kərimov milli mətbəximizi dünyanın 100-dən çox ölkəsində keçirilən festivallarda təbliğ edib, çoxlu Qran-pri, diplom və fəxri fərman alıb. O, 200-dən çox şagird yetişdirib və onun yetirmələri hazırda dünyanın müxtəlif şəhərlərində öz müəllimlərinin yolunu layiqincə davam etdirirlər.
Azərbaycan Milli Kulinariyasının fəxri üzvü olan Şahhüseyn Kərimov son illər fəaliyyətini Bakı şəhərində davam etdirib.
Mərhum noyabrın 4-də Lənkəran şəhər qəbiristanlığında torpağa tapşırılıb.
DOSTLARINLA PAYLAŞ: