Menzil bazarında qiymetler artıb
27 May 2013 Bazar Ertəsi 18:55
Apreldə ən cəlbediji rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub.
Bu ilin aprel ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında mart ayı ilə müqayisədə 1,5 faiz artım müşahidə edilib.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, əqdlərin dinamikasının artması təkrar mənzil bazarında dinamikanın artımı ilə bağlı olub. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub.
Son 5 ay ərzində bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artımı müşahidə olunub. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ilkin bazardan fərqli olaraq təkrar mənzil bazarında qiymət dinamikasının sürətli artım tendensiyası daha kəskin xarakter daşıyır.
Aprel ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 3.7 faiz azalıb, orta qiymət isə ötən ayla müqayisədə 0.7 faiz artıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb.
Aprel ayında aktivlik əmsalına görə ən cəlbediji rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edib. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır. Amma son 5 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metrostansiyalara yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir.
Aprel ayında təkrar mənzil bazarında qiymət indeksi mart ayı ilə müqayisədə 1.5 bənd artaraq 223.8 bəndində qərarlaşıb.
Aprel ayında aparılan araşdırmalara əsasən təklif (3,7%) azalıb və nətijədə bazara satış üçün təklif olunan mənzillərin sayı 5400-ə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7 faizə bərabər olub.
Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.
Aprel ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərtdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,2% təşkil edib.
Aprel ayında qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə edilib. Orta qiymət ötən ay qeydə alınan nəticədən 0.7 faiz artıb və 1211$/kv.m təşkil edib.
Ötən ay əksər rayonlarda nisbi qiymət artımı müşahidə olunub. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda qeydə alınıb (2.3%). Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1211 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,1 faizə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.79, hər otağın orta satış qiyməti 46472 ABŞ dolları, mənzilin orta qiyməti isə 113162 ABŞ dolları təşkil edib.
DOSTLARINLA PAYLAŞ: