Mənzil alan jurnalistlərin kimliyi bəlli oldu
20 İyul 2013 Şənbə 13:05
Mənzillə bağlı müraciət etmiş jurnalistlərin hər birinə rəsmi dəvətnamə göndərilməyə başlanıb.
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün inşa olunmuş yaşayış binasındakı mənzillərin sahiblərinin adları artıq bəllidir. Bununla bağlı redaksiyalara dəvətnamələr göndərilir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında bildirib ki, mənzil alacaq jurnalistlərin işlədikləri redaksiyalara rəsmi dəvətnamələr göndərilir.

“Həmin jurnalistlərin adları mənzillərin verildiyi gün açıqlanacaq. Mənzillə bağlı müraciət etmiş jurnalistlərin hər birinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu rəsmi dəvətnamə göndərməyə başlayıb”.

Mənzil alan jurnalistlərin siyahısı rəsmən elan olunmasa da, artıq bir çoxlarının kimliyi mətbuata bəllidir.

KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli də Modern.az-a açıqlamasında bildirib ki, mənzil alacaq jurnalistlərin siyahısı hazır olsa da, məhz 22 iyul tarixində - Mətbuat günü dərc olunacaq.

Jurnalistlərin 2 və ya 3 otaqlı mənzilə sahib olması açılışdan sonra püşkatma yolu ilə müəyyən ediləcək.

Binanın açılışı iyulun 22-də olacaq. Ölkə başçısının açılış mərasiminə qatılacağı gözlənilir. Ə. Amaşovun sözlərinə görə, iyulun 22-də səhər saat 08:00-da jurnalistlər Mətbuat Evinin qarşısından hər il olduğu kimi Fəxri Xiyabana yola düşəcək. Burada Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət etdikdən sonra binanın açılış mərasiminə qatılacaqlar. Həmin gün axşam isə paytaxtın “Min bir gecə” restoranında bayram tədbiri olacaq.

Qeyd edək ki, jurnalistlərin mənzil probleminin həlli üçün prezident İlham Əliyev 2010-cü ildə Mətbuat Günü sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə 156 mənzilli binanın tikintisi üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar