Lənkəranda elektron xidmətlərin təqdimatı keçirilib
12 İyul 2012 Cümə Axşamı 22:43
Tədbirdə 100-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Beynəlxalq Maliyyə Korporasiyasının birgə təşkilatçılığı ilə sahibkarlar üçün elektron xidmətlərin növbəti təqdimatı Lənkəranda keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, nazirlik tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan prezidentinin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən verilən lisenziyalar və sertifikatlar, kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması, xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizə və digər sənədlərin elektron forması yerləşdirilmiş, göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların real vaxt rejimində elektron formada ödənilməsi təmin olunub.

Tədbirdə icazələrin elektron informasiya portalı (www.icazeler.gov.az) barədə də məlumat verilib, sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Bu internet saytı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə və fəaliyyətini genişləndirərək yeni sahələrdə çalışmaq istəyən sahibkarlara fəaliyyəti növündən asılı olaraq tələb edilən icazə xarakterli sənədlər, onların alınması proseduraları, təqdim edilməli sənədlər, həmin icazələrin verilmə və qüvvədə olma müddətləri, bu icazələri verən dövlət orqanları barədə məlumatları vahid mənbədən əldə etmək imkanı yaradır.

Saytda yaradılmış “Sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələri” bölməsi vasitəsilə sahibkarlar məlumatlılıq səviyyəsinin yüksəldilməsilə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında birbaşa iştirak imkanı da əldə edəcəklər.

Beynəlxalq Maliyyə Korporasiyasının “İnvestisiya mühiti layihəsi”nin əməkdaşı İlham Abdullayev sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (www.yoxlama.gov.az), “Minimax” şirkətinin nümayəndələri Cavid Xəlilov isə www.biznesinfo.az internet portalının sahibkarlar üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verib.

Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestrinin əməkdaşı Əfqan İmanzadə sahibkarların maliyyə mexanizmlərinə çıxış imkanlarının genişləndirilməsi ilə bağlı təqdimatlarla çıxış edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emil Süleymanov Konfederasiya tərəfindən sahibkarlara göstərilən xidmətlər barədə məlumatı diqqət çatdırıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar