İsa Qəmbərin müşaviri ilə bağlı DİN-dən açıqlama
27 İyun 2013 Cümə Axşamı 17:16
Hadisənin Yadigar Sadıqov tərəfindən törədilməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyi Müsavat başqanının müşaviri Yadigar Sadıqovla bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, iyunun 25-də Lənkəran şəhər sakini II qrup Qarabağ əlili olan Rəşid Kərimov Lənkəran rayon polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün saat 19:00 radələrində Cavanşır küçəsində məlum olmayan şəxslər tərəfindən döyülüb və bu zaman bədən xəsarəti alıb: “Həmin müraciət əsasında Lənkəran rayon Polis Şöbəsində istintaq bölməsində faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayət işi qaldırılıb. Araşdırmalar nəticəsində hadisənin Lənkəran rayon sakini Yadigar Sadıqov tərəfindən törədilməsi müəyyən edilib. Bununla əlaqədar istintaq hərəkətləri çərçivəsində şahid ifadələri və Rəşid Kərimovun ifadələri alınıb. Bir sıra zəruri istintaq hərəkətləri aparılıb və bu şəxsin özü də məhkəmə tibbi ekspertizasına göndərilib. Bu gün Yadigar Sadıqov da ifadə alınması üçün polis bölməsinə dəvət edilib. Onun da ifadəsi alınıb”.
Orxan Mansurzadə deyib ki, bununla əlaqədar istintaq hərəkətlərini davam etdirilir: “İstintaqın yekununda məsələyə hüquqi qiymət veriləcək. Onun həbs olunub-olunmamasını istintaqın gedişi göstərəcək. Artıq istintaq hərəkətləri ilə hadisənin onun tərəfindən törədilməsi müəyyən edilib”.
Onun sözlərinə görə, müəyyən şəxslər tərəfindən məlumatlarda məsələni siyasiləşdirməyə cəhd edirlər: “Və bunu guya hardasa Sadıqovun siyasi fəaliyyəti ilə əlaqələndirirlər. Belə ittihamların heç birinin hüquqi əsası yoxdur. Söhbət konkret bir şəxsin müraciəti əsasında aparılan və həmin fakt üzrə qaldırılan cinayət işinin istintaqından gedir. Ona görə də bunu hər hansı siyasi fəaliyyətlə qiymətləndirmək çox yanlış və yolverilməz məsələdir. Halbuki, bu qətiyyən belə deyil”.
DOSTLARINLA PAYLAŞ: