İlham Əliyev Lənkəranda Bayraq Meydanı ilə tanış olub
31 İyul 2012 Çərşənbə Axşamı 13:41
Dövlət başçısının cənub bölgəsinə səfəri davam edir.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 31-də respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

ANS PRESS “AzərTAc”a istinadən bildirir ki, dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Lənkəranda yaradılan Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Qeyd olundu ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılıb. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Təbii mərmərlə üzlənmiş iki metr hündürlüyündəki postamentin üzərində Azərbaycanın dövlət himni və gerbi əks olunub. Burada, həmçinin Azərbaycanın dövlət bayrağı, himni, gerbi, 1843-cü il mayın 2-də təsdiq edilmiş Lənkəran şəhərinin gerbi barədə məlumatların əks olunduğu guşələr yaradılıb. Bundan başqa, burada Azərbaycan prezidenti İlham Əliyevin dövlət bayrağına ehtiramını əks etdirən ayrıca guşə də fəaliyyət göstərir.

Bildirildi ki, Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınıb. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılıb.

Sonra Azərbaycan prezidenti Lənkəran şəhərinin inkişafına dair yeni layihələrlə bağlı stendlərə baxdı. Dövlətimizin başçısı Bayraq Meydanında görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar