Himalayda itən Murad Aşurlunun cəsədi tapıldı
23 Oktyabr 2014 Cümə Axşamı 13:04
Dağdan enərkən qoruyucu kəndir qırılıb və Murad Aşurlu 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb.
Himalay dağlarında itən azərbaycanlı alpinist Murad Aşurlunun cəsədi tapılıb. Onun cənazəsinin helikopterlə Nepalın paytaxtı Kətmənduya gətirildiyi bildirilir.
ANS PRESS-in "Azadlıq radiosuna" istinadən verdiyi məlumata görə Aşurlu ilə eyni ekspedisiyada olan yoldaşları deyiblər ki, Murad qrupla birlikdə məşhur Ama Dablam dağından enərkən qoruyucu kəndir qırılıb və o, 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb.
Hava şəraiti pis olduğundan onu hadisə baş verən kimi axtarmaq mümkün olmayıb.
Murad Aşurlunun meyiti ertəsi gün xilasedici helikopter komandası tərəfindən qaldırılıb.
İtkin düşdüyü xəbər verilmişdi.
Bundan əvvəl verilən xəbərlərdə Murad Aşurlunun itkin düşdüyü barədə məlumat verilmişdi.
Onun axtarışında iştirak etmək üçün qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da Nepala yollanmışdı.
Mətbuat xəbər verir ki, Azərbaycanın ən təcrübəli alpinistlərindən olan Murad Aşurlu 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley-ni fəth etmişdi.
O, 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmiş üçüncü Azərbaycan alpinisti olmuşdu.
42 yaşlı alpinist təhsilini Moskvada almışdı və son illərdə ABŞ-dakı aparıcı telekommunikasiyalar şirkətlərindən birində çalışırdı.
DOSTLARINLA PAYLAŞ: