Heydər Əliyev Mərkəzindəki yanğınla bağlı cinayət işi açılıb
20 İyul 2012 Cümə 15:34
Baş prokurorluğun məlumatına görə, Heydər Əliyev Mərkəzinin tavanından başqa digər yerlərinə zərər dəyməyib.
Baş Prokurorluq bu gün səhər Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, 20 iyul saat 11-30 radələrində Bakı şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.
Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqalədə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınmış, yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib.
Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib. Eyni zamanda yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb.
Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanlb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil edilib.
Yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: