Heydər Əliyev Mərkəzində yanğınla bağlı digər versiyalar da var
23 İyul 2012 Bazar Ertəsi 09:43
Eldar Sultanov: İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.
Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı bu gün bir neçə aidiyyatı qurumun rəsmiləri jurnalistlər üçün brifinq keçiriblər. Mərkəzin rəhbərliyi rəsmən bildirib ki, hadisə Heydər Əliyev Mərkəzinin fəaliyyətinə heç bir təsir göstərməyib.
Bu gün keçirilən brifinqdə Baş Prakurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, hadisənin baş verməsinə əsas fərziyə qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasıdır: “Eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir”.
Yanğın zamanı binada quraşdırılan avtomatik yanğınsöndürmə sisteminin işə düşməməsini mərkəzin direktoru Anar Ələkbərov cavablandırıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirib ki, yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib. Mərkəzin 1000 kvadrat metr dam örtüyü yanıb.
Brifinqdən sonra jurnalistlərə Heydər Əliyev Mərkəzinin içərisində, yanğının baş verdiyi hissədə çəkiliş aparmaq üçün imkan yaradılıb.
Qeyd edək ki, yanğın zamanı mərkəzin içərisinə, zallara və digər hissələrə heç bir ziyan dəyməyib. Hazırda tavanın yanmış hisəsi bərpa olunur.