Her 1000 min kişiye 1013 qadın düşür
13 İyul 2013 Şənbə 11:56
2013-cü il iyul ayının 1-ne olan veziyyete göre, ölke ehalisinin sayı 9411,8 min nefere çatıb.
Ölkə əhalisinin sayı ilin əvvəlindən 55,3 min nəfər artaraq 2013-cü il iyul ayının 1-i vəziyyətinə 9411,8 min nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfər olub. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi kənd yerlərində yaşayır, 49,7 faizi kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir. Əhalinin 22,3 faizi 0-14 yaşda, 71,9 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1013 qadın düşür.
Cari ilin birinci yarısında ölkədə 83,1 min, yaxud hər gün orta hesabla 459 körpə doğulub, əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum səviyyəsi 18,1 olub. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi qızlardır. Körpələrin 876-sı əkiz, 15-i isə üçəm doğulub. Doğulan körpələr üçün 73,9 yaş, o cümlədən oğlanlar üçün 71,3 yaş, qızlar üçün 76,6 yaş ömür uzunluğu gözlənilir.
Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan qadınların bütün ömür boyu hər birinə orta hesabla 2,3 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.
İlin əvvəlindən ölkədə 28,8 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,2) qalaraq dəyişməyib.
Yanvar-iyun aylarında ölkədə 37,9 min nikah və 5,7 min boşanma halı qeydə alınıb və 2012-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,2-yə qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (1,2) qalıb.
2013-cü ilin altı ayı ərzində daimi yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlib və 0,1 min nəfər ölkədən gedib.
DOSTLARINLA PAYLAŞ: