Həftə sonu ölkə ərazisində buludlu hava şəraitinin müşahidə olunacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidroloqu Asif Verdiyevin ANS PRESS-ə verdiyi məlumata görə, aprelin 18-də gecə və səhər saatlarında Bakı və Abşeron yarımadasının bəzi yerlərində az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 6-8, gündüz 12-15 dərəcə olacaq. Az yağmurlu və dəyişkən buludlu hava şəraiti aprelin 19-da da özünü göstərəcək. Səhər saatlarında yağış yağacağı gözlənilir. Qərb, cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə müşahidə ediləcək. Aprelin 20-də isə dəyişkən buludlu hava davam etsə də, yağış gözlənilmir. Axşam saatlarında buludluluq arta bilər. Şimal-qərb, şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 12-15 dərəcə olacaq.
Rayonlarda da yaxın üç gündə hava yağmurlu keçəcək. Aprelin 19-da və 20-də bəzi yerlərdə intensiv yağış yağacaq. Qərb küləyinin sürəti arabir güclənəcək. Havanın temperaturu aprelin 18-də gecə 6-10, gündüz 13-17 dərəcə isti, dağlarda gecə -2-2, gündüz 4-9 dərəcə olacaq. Aprelin 19-u və 20-də temperatur rejimi bir az aşağı düşəcək. Belə ki, gecə 4-9, gündüz 12-16 dərəcə isti müşahidə ediləcək.
Kəmalə Məmmədova /ANS PRESS/