Hacı Zeynalabdin Tağıyevə məxsus Quran qabı
25 Dekabr 2012 Çərşənbə Axşamı 14:39
Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisinin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub.

Muzeydən AzərTAc-a bildiriblər ki, vitrində Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur.

Quran qabı gümüşdən düzəldilib, qızıl suyuna çəkilib, mina və qiymətli daşlarla bəzədilib. Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdirilib. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib.

Vitrində, həmçinin iki ədəd İslam dəyərlərini izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulub. Hələ 1935-ci ildə muzeyə verilmiş əşyaların sənədləri bu qurumun əməkdaşlarının axtarışları nəticəsində 2012-ci ildə aşkarlanıb.

Muzeyin xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu, Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib.

2



DOSTLARINLA PAYLAŞ:

oyunlar