Güler Ehmedova çox sert danışdı
01 May 2013 Çərşənbə 17:09
Güler Ehmedova: Elşad Abdullayev gəlməsə, ifadə verməyəcəyəm.
Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın vəkili Baş Prokurorluğun mətbuat xidmətinin rəhbərinə cavab verdi. Gülər Əhmədovanın vəkili Əfsər Talıbov Modern.az-a açıqlamasında bildirdi ki, Baş Prokurorluq Elşad Abdullayevin istintaqa təqdim etdiyi materialları sübut kimi qəbul etsə də, müdafiə tərəfi həmin sübutları qəbul etmir:
“İşə qoşulan ilk gündən onun haqsız yerə tutulduğunu demişəm. Bu işdə Cinayət Məcəlləsinin 178.3.2, 307.2 maddələrinin tərkibi yoxdur. Fikirlərimin də üzərində dayanıram. Mənim imzamla yazılan həmin şikayətlər Baş Prokurorluq və digər hüquq-mühafizə orqanlarına və 12 instansiyaya göndərilib. Həmin ərizələrimdə sübut edirəm ki, Gülər Əhmədovanın hərəkətlərində cinayət əməli yoxdur. Prokurorluq mətbuat katibi Eldar Sultanovun simasında fikirlərimizi əsassız sayır. Göstərir ki, Gülər Əhmədovanın vəkillərinin fikirlərinin heç bir hüquqi əsası yoxdur. Onda sual olunur: saxta sübutları, video görüntüləri əvvəldən bir dəlil kimi qəbul etmirik. Çünki Konstitusiyanın 32.3 maddəsi və Cinayət Prosessual Məcəlləsi 25-ci maddə ilə nələrin sübut növü kimi qəbul olunmasını qanunla işləyənlər qarşısında qoyur. Orada da göstərilir ki, vətəndaşın icazəsi, razılığı olmadan onun video görüntülərinin, danışıqlarının yazılması qeyri-qanunidir. Qeyri-qanuni sübutlarla millət vəkilini, 2010-cu ildən 2012-ci ilədək 3 dəfə deputat seçilmiş insani həbs edirlər”.
Ötən gün müvəkkili ilə görüşdüyünü deyən Əfsər Talıbovun sözlərinə görə, Gülər Əhmədova bildirib ki, Elşad Abdullayev Azərbaycana gətirilməyənə və ifadə verməyənə, əlindəki sübutlar təqdim edilməyənə kimi ifadə verməyəcək:
“Müstəntiq də Gülər Əhmədovanın yanına gəlmişdi. Ona öz iradlarımı çatdırdım. Müstəntiq Gülər Əhmədovanın iki vəkilindən imtina etməsi ilə bağlı onun ərizəsini aldı. Başqa istintaq hərəkətləri aparılmadı. Gülər xanım da Bakı şəhər prokuroru Əziz Seyidova ərizə ilə müraciət etdi ki, o əsassız tutulub və Elşad Abdullayev Azərbaycana gətirilməyənə və ifadə verməyənə, əlindəki sübutlar təqdim edilməyənə kimi ifadə verməyəcək. Gülər Əhmədova xalqın qarşısında və cənab prezidentin daxili və xarici siyasətinin həyata keçirilməsində xidmətləri olub və həmin xidmətlərini ərizəsində qeyd etdi. Onun himayəsində 8 yaşlı övladının olması, xəstə olması ilə bağlı bütün sənədləri topladıq və məhkəməyə müraciət etmişik. Yoldaşı da onkoloji xəstədir. Bütün bunları nəzərə alıb onun barəsində həbs dövründə seçilmiş qəti imkan tədbirinin dəyişdirilməsinə kömək edilməsini xahiş edirik”.
Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun dediyi fikirlərə cavab olaraq Əfsər Talıbov bildirdi ki, Baş Prokurorluq Elşad Abdullayevin istintaqa təqdim etdiyi video görüntülər sübut kimi qəbul edib.
”Amma biz müdafiə tərəfi olaraq bu sübutları qəbul etmirik”.
Həmin video görüntülərlə bağlı Rusiya istintaq qrupundan gələn rəyə də münasibət bildirən vəkilin sözlərinə görə, həmin video görüntülər üzərində iş gedir və ekspertiza aparılır.
DOSTLARINLA PAYLAŞ: