Goranboyda arxeoloqlar qədim mədəniyyət nümunələri tapıb
24 İyul 2012 Çərşənbə Axşamı 23:05
Arxeoloqlar hazırda Qaradağlı kəndi ərazisində sahəsi 31 kvadratmetr olan kurqanda tədqiqatlar aparır.
Goranboyda arxeoloqlar qədim mədəniyyət nümunələri tapıb. Rayonda kurqanlarda aparılan arxeoloji qazıntılar nəticəsində alimlər tunc dövründə bu ərazilərdə Kür-Araz mədəniyyətindən fərqlənən və yerli tayfalara məxsus olduğu ehtimal olunan mədəniyyət nümunələri aşkar edib.

Arxeoloqlar hazırda Qaradağlı kəndi ərazisində sahəsi 31 kvadratmetr olan kurqanda tədqiqatlar aparır. Arxeoloji ekspedisiyanın rəhbəri Bəxtiyar Cəlilovun sözlərinə görə, Kür-Araz mədəniyyətinə aid kurqanlardan fərqli olaraq, burada insanlar kütləvi şəkildə basdırılıb və sərdabə dolduqdan sonra ənənəvi olaraq yandırılıb.

Divarları çiy kərpiclə hörülən, üzəri ağac kötükləri, daha sonra isə daş və torpaqla örtülən kurqandan saxsı qablar, insan sümükləri, bəzək əşyaları tapılıb. Tapılan mədəniyyət nümunələrinə əsasən, arxeoloqlar o dövrdə bu ərazidə yaşayan tayfaların əsasən əkinçilik, maldarlıq və toxuculuqla məşğul olduğunu müəyyən edib. Daha dəqiq nəticələr etmək üçün isə xaricdən dəvət olunacaq antropoloqlar da tədqiqat işlərinə cəlb olunacaq.

Goranboy rayon Mədəniyyət və Turizm şöbəsindən verilən məlumata görə, bu ilin əvvəlində arxeoloq alimlər rayona dəvət olunub və kurqanların yerləşdiyi ərazinin xəritəsi tərtib edilib. Hazırda rayonun Şadlı, Qaradağlı və Xoylu kəndləri ərazisində 30 ha sahədə yüzlərlə kurqan var və bu abidələr mühafizə altına alınıb.







DOSTLARINLA PAYLAŞ:

oyunlar