Fahişəliyin leqallaşdırılmasını istəmirəm
20 Aprel 2013 Şənbə 01:01
Millət vəkili qalmaqala səbəb olan bəyanatına aydınlıq gətirdi.
“Bu gün Milli Məclisdəki çıxışımdakı fikrim bir az fərqli anlaşıldı. Vitse-spiker Ziyafət Əsgərov soruşdu ki, fahişəliyin leqallaşdırılmasını təklif edirsiniz? Mən də dedim ki, fahişəliyin leqallaşdırılmasını istəmirəm, problemin həlli yolunu tapmağı təklif edirəm”. Bunu lent.az-a müsahibəsində Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Qeyd edək ki, ötən gün Milli Məclisdə “İnsan alverinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən S. Novruzov bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinin çıxış yolu olmadığını bildirib.

S. Novruzov müsahibəsində bildirib ki, qanunlar nə qədər sərtləşsə, fahişəliyin qurbanları da bir o qədər əziyyət çəkəcəklər: “ Burada 5-6 nəfər cibini dolduracaq. Eyni zamanda fahişəliyə cəlb edilənlə onu cəlb edənin cəriməsi eynidir. Bunun biri qurban, digər isə onu fahişəliyə cəlb edəndir. Bunlar tamam başqa-başqa məsələlərdir. Söhbət fahişəliyin leqallaşmasından getmir, bunun mexanizmi tapılmalıdır. Əgər cəmiyyətdə belə bir problem varsa, bu problem həll olunmalıdır. Bunun qarşısını cəza, cərimənin miqdarını artırmaqla, ictimai işə cəlb etməklə almaq mümkün deyil. Öz vətəndaşlarımıza bunun tətbiq etdik, axı xarici ölkələrdən də bu məqsədlə Azərbaycana çoxlu sayda insan gəlir. Bunun qarşısını almağın mexanizmi tapılmalıdır. Qlobal yanaşma tərzini bir kənara qoyub, sensasiya dalınca qaçanlar var”.

Millət vəkili deyib ki, İranda məsələdən çıxış yolu kimi siğəni seçiblər: “Avropada müxtəlif yollardan istifadə edilir. Bir yerdə elələri tam həkim nəzarətindən keçməklə bu işlə məşğul olurlar. Digər ölkələrdə bu işlə məşğul olanlar üçün şəhərdən kənarda yerlər ayrılıb. Bu məsələ ilə bağlı bir neçə səbəb var. Tutaq ki, bu, adamın qanındadır, ona nə edirsən et, bu işlə məşğul olur. Ehtiyac ucundan, yaxud özünün daxili tələbatı ucundan bu işə qoşulanlar var. Yəni çoxşaxəli yanaşmadan söhbət getməlidir. Problemi həm psixoloji, həm hüquqi, həm mənəvi aspektdə təhlil etdikdən sonra həll yolunu müəyyənləşdirmək lazımdır. Bəlkə bu, onun xəstəliyidir, müalicə olunmalıdır”.

S. Novruzov deyib ki, məsələ ilə bağlı çıxış yolu psixoloqlar və hüquqşünasların bir yerə yığışıb hazırladığı proqramın həyata keçirilməsi ola bilər: “Bunun yolu qanunları sərtləşdirmək deyil. Fahişəliyin leqallaşması da mexanizm deyil. Ola bilər ki, bir millətə leqallaşma düzgün yol göstərir, başqa bir millət üçün isə leqallaşdırma tamam başqa normaların pozulmasına gətirib çıxaracaq. Bu, ümumbəşəri bəladır, təkcə bizim ölkəmizdə problem deyil. Başqa-başqa millətlər hərəsi öz milli psixologiyasına uyğun bunun həlli yolunu tapıb. Almaniyada bir cür, Danimarkada bir cür, Çin kimi böyük dövlətdə tamam başqa bir formada həll olunub. Biz də bunun yolunu tapmalıyıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar